Cəmiyyətdə qız uşaqlarına diqqət daha çox olmalıdır

11 Oktyabr 2017 17:32

11 oktyabr Beynəlxalq qız uşaqları günüdür. Bu günün keçirilməsində məqsəd qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyin qarşısını almaqdır. Təəssüf hissi ilə deməliyik ki, bu gün az da olsa çox erkən yaşlarda ailə quran, təhsildən yayınan və ya ana bətnində qız olduğu üçün məhv edilən qızlarımız var. Məsələnin aktuallığını nəzərə alan əməkdaşımız Aygün Əliyeva bunun səbəblərini araşdırıb.

 

Lənkəran Rayon Qadınlar Şurasının sədri Elduzə Əhmədova: “Şəhərlərdə deməzdim, ucqar kənd yerlərində bu ənənə hələdə davam etməkdədir. Qızları məktəbdən yayındırmaq, erkən yaşda nişanlamaq. Bu gün isə ustunluklərimiz daha çoxdur. Bu gün əgər bir yerdə vakant yer varsa çalışırıq ki, qadınlar irəli çəkilsinlər, çünki qadınlar böyük qüvvədədir.”

 

Təəssüflər olsun ki, bütün bunların fonunda bəzi yerlərdə hələdə qız uşağının dünyaya gəlməsi bir o qədər xoş qarşılanmır. Statistik məlumatlara əsasən Azərbaycanda qız uşaqlarının sayının kəskin azaldığı qeyd edilir. Əgər normalda hər 105 oğlana 100 qız düşməlidirsə, indi ölkəmizdə hər 112 oğlana 100 qız düşür. Qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri isə ölkəmizdə uşağın cinsiyyətinə görə hamiləliyin dayandırılmasının geniş yayılmasıdır.

 

Bir neçə ay bundan əvvəl ölkə gündəmini zəbt edən Lənkəranın Darquba kəndində 6 günlük körpənin su quyusuna atılması hadisəsi yəqinki unudulmayıb. Böyük səs-küyə səbəb olan bu tükürpədici qətl hadisəsinin törədilmə səbəbi kimi körpənin qız övladı olması göstərildi. Qadınların problemləri bununla da bitmir.

 

Həkim-ginekoloq Rəisə Əsgərova: “Təzyiq olur ailə tərəfindən birdə görürsən qadın ağlayır mən əgər yenə qız doğsam məni boşayacaqlar, qaynanam ərim oğlan tələb edir.”

 

Belə bir vəziyyətdə qız uşaqlarını qorumağın ən yaxşı yolu təhsildən keçir. Lənkəran şəhər təhsil şöbəsinin müdir əvəzi Güloğlan Bağırov bir çox hallarda gündəmə gətirilən Cənub bölgəsində qızlar təhsildə passivdir sözü ilə razılaşmır.

 

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov: “561 nəfər tələbə adını qazanıb. Bu 561 nəfərdən 313 nəfəri qızdır. Bu da ümumi qəbul olunanların 56 %-ni təşkil edir. Bizim bu illəri məzunlarımızdan beş nəfəri məktəbi qızıl medalla bitirdi. Bunun 4 nəfəri qızdır – 80% edir.”

 

Gəlin qızlarımızı qoruyub, dəyərini bilək. Çünki bu günün dünyaya gələn qız uşaqları sabahın gənc qızları, analarıdır.