Yağıntılı havalar Cəlilabadda sahələrdə pambıq yığımını ləngidir.

12 Oktyabr 2017 17:39

Qeyri-sabit keçən havalar Cəlilabadda pambıq tarlalarında fasilələr yaradıb. Pambıqçılar min bir əziyyətlə becərdikləri ağ qızılı sahələrdən toplaya bilmirlər. Səbəb kimi isə son günlər aramsız yağan yağışlar göstərilir. Necə deyərlər ağır texnikaların sahələrdə hərəkəti məhdudlaşdığından yığım gecikir. Bu da fermerləri çox narahat edir.

 

Qeyri-sabit hava şəraiti Cəlilabadda pambıqçıların işini çətinə salıb. Artıq üçüncü həftədir “ağ qızıl” ustaları tarlalara girə bilmir. Mülkiyyət sahibləri narahatdır ki, havalar belə davam edərsə pambıq sahələrdə yığılmamış qala bilər.

 

Təsərrüfat sahibi Fəxrəddin Cəfərov: “Son zamanlar havanın əlverişsiz keçməsi ilə əlaqədar texnikanı çıxarda bilmirik. Ona görə də biraz narahtçılığımız var.”

 

Torpağın üst qatı sulu olduğundan kombaynlar sahələrdə hərəkət edə bilmirlər. Bunun üçün isə torpağın normal vəziyyət almasını gözləmək lazımdır. Təsərrüfat sahibləri isə havaya etibar etmirlər. 

 

Təsərrüfat sahibi Fəxrəddin Cəfərov: “Əllə yığıma başlamışıq. Hava şəraiti əl verərsə inşallah bir neçə günə texnika ilə pambığı son qozasına qədər yığıb dövlətə təhvil verəcəyik.”

 

Mülkiyyət sahibi deyir ki, yığımın əllə aparılması onlara hər kiloqramına 10 qəpiyə başa gəlir. Bu da pambığın onsuzda yüksək olan maya dəyərinə təsir göstərir. Kombaynla isə hər hektarı 100 manata yığıldığından bu həm üç dəfə ucuz başa gəlir, həm də yığımı sürətləndirir.

 

Təsərrüfat sahibi Fəxrəddin Cəfərov: “Texnika ilə yığmaqla əllə yığmağın fərqi ondadır ki, həm texnika ilə tez başa gəlir, həm də maya dəyəri çox ucuz başa gəlir.”

Fəxrəddin Cəfərov deyir ki, çiyit əkin prosesindən tutmuş aqrotexniki qaydaların tətbiqinə qədər bütün işləri yüksək səviyyədə aparılıb. Pambığın suvarılmasında da korluq çəkməyiblər. Əkdiyi 11 hektar sahədən 30 sentnerə qədər məhsul toplamağı düşünür.

 

Təsərrüfat sahibi Fəxrəddin Cəfərov: “Suvarmada bizə həqiqətən böyük dəstək olub. Sudan çətinliyimiz olmayıb.”

 

İndi “ağ qızıl”ın itkisiz və keyfiyyətsiz yığımı ilk növbədə hava şəraitindən daha sonra isə mülkiyyətçilərin fədakarlığından asılıdır. Hazırda sözügedən ərazidə iki gündür günəşli hava müşahidə olunur. Ümid edirik ki, təsərrüfat sahibləri zəhmətlərinin bəhrəsini son koluna qədər görəcəklər.