Lənkəranda Məmməd Arazın xatirəsinə “Poeziya günü” keçirildi

12 Oktyabr 2017 17:40

Lənkəranda Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “Poeziya günü” keçirilib. Arazsevərlərin toplaşdığı mərasimdə Xalq Şairi Məmməd Arazın mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadığını söylənilib.

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı açaraq bildirdi ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Tədbirdə eyni zamanda millət vəkili, yazıçı Aqil Abbas, Lənkəran Dövlət Universitetinin müəllimi Yədulla Ağazadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədr müavini Ağamir Cavad çıxış ediblər. Çıxışlarda görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb. Paytaxtdan sonra ilk dəfə Məmməd Araz poeziya gününün Lənkəranda keçirilməsi bəlkədə bir zərurət idi.

Layihənin ideya müəllifi Qardaşxan Əzizli: “Məmməd Araz ömrünün son illərində mənə dedi ki, mən çox istiyirəm gedim Lənkəranı görəm. Ömrünün sonuna iki il qalmış Lənkərana gəldi. Bizim ağlımıza gələrdimi ki, Məmməd Araz poeziya günün nə vaxtsa biz başlıyaq, və sonradan ikinci Məmməd araz poeziya günü Lənkərandan başlasın.”

 

Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri təltif olundu. Onlara fəxri fərman, diplom və pul mükafatları verilib. Qaliblərə mükafatları Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Milli Məclisin üzvü, yazıçı Aqil Abbas təqdim etdilər.

 

Tədbirdə həmçinin xalq şairi Məmməd Arazın şeirlərini Lənkəran Dövlət Universitetinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri ifa ediblər.
Sonda şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.