Salyanda bir qrup gənc hərbi xidmətə yola salındı

12 Oktyabr 2017 17:41

Salyanda gənclərin həqiqi-hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib. Hərbi səfərbərlik və hərbi xidmətə çağırış üzrə Salyan rayon şöbəsi tərəfindən çağırış yaşı tamam olmuş gənclərin hərbi xidmətə yola salma mərasimi Dövlət himnimizin səsləndirilməsi ilə başladı. Daha sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclülərinin sırasında olması, Ali baş komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu işlərin nəticəsidir. İcra başçısı həmçinin qeyd etdi ki, hərbi xidmətə getmək bu gün hər bir gənc üçün böyük arzu və qürur mənbəyidir. Daha sonra Hərbi səfərbərlik və hərbi xidmətə çağırış üzrə Salyan rayon şöbəsinin rəisi polkovnik Əqid Hüseynov bildirdi ki, vətəni qorumaq həm borc, həm də ən böyük şərəfdir. Yeni çağırışçılar da bu vəzifənin öhdəsindən layiqincə gələcək və ordu sıralarında vətənimizi əzmlə müdafiə edəcəklər. Çıxış edən müharibə veteranları və əsgər valideynləri Ali Baş Komandan, prezident İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda əmr və tapşırıqlarını yerinə yetirməyə hər zaman hazır olduqlarını vurğuladılar. Həqiqi hərbi xidmətə yola salınma mərasimində Salyan Rayon İcra Hakimiyyəti tərəfindən bir qurup çağırışçıya hədiyyələr təqdim olundu. Sonra çağırışçı gənclər üçrəngli bayrağımızı öpüb Qurani-Kərim kitabının altından keçərək xüsusi avtobuslarla xidmət edəcəkləri hərbi hissələrə yola salındı.