Düyü löküsü cənub mətbəxinin ən dadlı təamlarından sayılır

21 Oktyabr 2017 17:13

Cənub bölgəsinin bənzərsiz mətbəxi həmişə öz zənginliyi ilə seçilir. Təkcə bölgədə düyüdən 21 növ plov hazırlanır. Düyüdən hazırlanan yeməklər içərisində ən qədimi düyü löküsü hesab edilir. Sıradakı materialda qədim cənub yeməyi sayılan lökünün hazırlanması və bişirilməsi haqqında bizə əməkdaşımız Aygün Əliyeva danışacaq.

 

Lənkəran mətbəxində olan yeməklərin çeşidləri çox zəngindir. Bu mətbəxdə bişirilən düyüdən hazırlanan yeməklər arasında löküsü öz dadı ilə digərlərindən heç də geridə qalmır. Lökünün resepti belədir.

 

Aşbaz Xanımnənə Bayramova: “Yağ, süd, yumurta, duz, şəkər tozu, düyü və sarıkök. Tökürük, qarışdırırıq qəşəng.”

 

4 nəfərlik lökü üçün bir gün əvvəl isladılmış və əl daşından keçirilmiş 800 qram düyüdən alınan una 1 stəkan kərə yağı, 2 stəkan süd, bir qaşıq şəkər tozu və duz, birdə 3 ədəd yumurta lazımdır. Müsahibimiz deyir ki, bu yeməyin daha dadlı alınmasının sirləri var.

 

Aşbaz Xanımnənə Bayramova: “Bunu iki undan bişirirlər, biri qarğıdalı unu, digəri düyü unu. Qarğıdalı unundan daha dadlı olur. Çörək bişirməyi anamdan öyrənmişəm. Onu hər kəs bişirə bilmir. İstiyərdim ki, hamısı bunu bişirsin. Yaddan çıxmasın, qədim çörəklərimiz.”

 

Yüksək kolorili yeməklərdən olan - lökü Lənkəranda ən sevilən delikateslərdən sayılır.

 

Qədimdə od üzərində bişirilən bu yemək biraz müasirləşsədə dadını itirməyib. Nə az nə çox 45 dəqiqə gözlədikdən sonra bu ləziz çörəyin dadına baxmaq olar. 

 

Lökümüz artıq hazırdır. Bunu daha çox səhər saatlarındə və şirin çayla servis edirlər.