Lənkəranda şəhərdaxili yollar yenidən qurulur

14 Noyabr 2017 18:13

2013-cü ildə Lənkəran şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar Nəsimi küçəsində yolun asfalt örtüyü tamamilə dağılmışdı. Sakinlər üçün problemə çevrilən bu yol yenidən qurulur. Ötən həftədən təmirinə başlanan küçədə son asfaltlama işləri görülür.

 

Lənkəranın Nəsimi küçəsində nəqliyyatın intensiv hərəkət etdiyi yol Avtovağzal dairəsi ilə şəhərin Heydər Əliyev prospektini birləşdirir. Yol uzun illər bərbad vəziyyətdə idi. Bu cür şəraitdən həm piyadalar, həm də sürücülər əziyyət çəkirdi. Yağışlı, qarlı havalarda isə yol keçilməz olurdu. Artıq bu kimi problemlər geridə qaldı. Eni 10-13 metr arasında dəyişən və uzunluğu 1500 metrə yaxın olan yola təmir işləri zamanı yola 20 santimetr qalınlığında daş-çınqıl tökülüb, 7 santimetr qalınlığında asfalt örtüyü çəkilir.

 

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Möhübbət Babayev: “Su və kanalizasiya sisteminin çəkilişi zamanı o yol dağılmışdır. Bununla bağlı vətəndaşların da müraciətləri olmuşdur. Sizin də çəkilişiniz olmuşdur. Artıq yaxın 2-3 gün ərzində 17 min kvadratmetrlik yolda asvaltlama işləri tam başa çatacaq və sakinlərin istifadəsinə veriləcək.”

 

Bundan başqa Nəsimi küçəsində yeni işıq dirəklərinin qurulması və səkilərin bərpa olunması da nəzərdə tutulub. Yola çəkilən yeni asfalt örtüyü ərazidə yaşayan sakinlərin böyük sevincinə səbəb olub.

 

Sakin Orucəli İsayev: “Uşaqlar məktəbə gedə bilmirdi. Yolun digər tərəfinə keçə bilmirdik – bərbad günündə idi.”

 

Sakin Babək İsayev: “Gediş-gəliş olmurdu, palçıq olurdu. Əziyyət çəkirdik. Allah köməkləri olsun.  Sağ olsunlar yolu düzəldənlər. ”

 

Şəhərin digər təmirə ehtiyacı olan yollarının və həmçinin kənd ara yollarının da növbəli sistemlə təmiri nəzərdə tutulub.