İDEA İctimai Birliyi növbəti xeyriyyə aksiyasını Lənkəranda keçirib

24 Noyabr 2017 16:47

 İDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən ayrı-ayrı rayonlarda aztəminatlı ailələr üçün meyvə bağları salınır. İDEA İctimai Birliyi növbəti aksiyanı Lənkəranda keçirib.

             

               Şəhid ailələri üçün nəzərdə tutulan feyxoa bağları Lənkəranın Moğonojba kəndi ərazisində yeni çəkilən Ələt-Astara magistral avtomobil yolunun kənarında salınıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş iki şəhid ailəsinə və bir nəfər Qarabağ veteranı olan aztəminatlı ailəyə təqdim olunmuş ümumi sahəsi 2 hektar olan torpaq sahəsində ümumilikdə 1250 ədəd məhsuldar növlü feyxoa ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib.

 

İbrahim Ağayev-Şəhid Rusif Ağayevin atası:“ 66 sotda təxminən 350 ədəd feyxoa tingi əkilib. Bu da böyük bir sahədir. Bununla bağlı gələcək üçün planlarımız böyükdür”

Hüsniyyə Kərimova-Şəhid Əlizaman İslamovun anası:“ Leyla xanıma minnətdaram ki, belə bir layihə təşkil edib. Bütün şəhid anaları və ataları adından təşəkkürümü bildirirəm”

 

       Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da tövhə verəcək.

Nigar Quliyeva - İDEA İB-nin  Layihələr Departamentinin Mütəxəssisi :“Lənkəran bu layihə çərçivəsində meyvə bağı salınan 7-ci rayondur. Ümumilikdə layihə çərçivəsində 31 ailə meyvə bağı ilə təmin ediləcək

           Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması gələcəkdə digər rayonlarda da təşkil ediləcək.