Ölkəmizdə ilk aptek 167 il bundan əvvəl Neftçalada yaradılıb

06 Dekabr 2017 16:44

Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada apteklər olmasın. Hətta ən ucqar kəndlərimizdə belə apteklər əhaliyə xidmət göstərir. Azərbaycanda ilk aptek 167 il bundan əvvəl Salyan qəzasında, indiki Neftçala rayonunda yaradılıb. Təəcüblü olsada bu aptek bu gün də fəaliyyət göstərir. Əməkdaşlarımızın həmin aptekdən hazırladığı reportajı izləyək.

 

XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr öz xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürülür. Yerli əhali ilə yanaşı balıq vətəgələrində yüzlərlə İrandan gələn həmişəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə, 1850-ci ildə Bankə qəsəbəsində ilk aptek də belə yaradılır.

 

Əczaçı Əyyub İsmayılov: “Balıqçılıq gəmisinin içərisində yaradılıb. Şəraiti ilə əlaqədar olaraq. Sonralar isə həmin aptek köçürülüb. Bankə balıq vətəgəsinin binasında yerləşib. Binada XX əsrin əvvələrindən indiki binada yerləşir. Çox yaxşı olardı ki, tarixi sənədlərə əsaslanıb bunu muzey şəklinə salsınlar.”

 

O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilir. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilir. O vaxtkı tikililərdən indi yeganə qalan aptek binasınnın ikinci mərtəbəsində ötən əsrin 60-ci ilin əvvəllərinə kimi yaşayış da olub. 

 

Kənd sakini Aydın Hüseynov: “Binanın yuxarıdakı hissələri dəyişilməlidir, taxta hissələr aşağıda gördüyünüz kimi kərpicdən tikilmiş binadı amma keyfiyyətlidir. Yuxarısı dəyişilsə üstü dəyişilsə yenədə əvvəlki vəziyyətinə qaytarmaq olar bunu.”

 

Azərbaycanda ilk yaradılan aptek bu gün də fəaliyyət göstərir. Həm də təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət edir. Qəsəbə sakinləri 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi 100 illik tarixi binanın restavrasiya olunmasını istəyir.