Şaxtalı havalarda dərimizi qorumaq üçün bunları bilməliyik

07 Dekabr 2017 17:02

Vitamın çatışmazlığı, immun sistemin zəif olması ilə əlaqədar tez-tez soyuqlama, dərinin, saçların soyuğun təsirindən solğunlaşması payız fəslində müşahidə edilən problemlərdəndir. İsti havalardan sonra birdən-birə soyuqların düşməsi orqanizmdə, xüsusilə də dərimizdə ciddi problemlər yarada bilir. Soyuğun təsirindən dəridə qızarma, çatlama və quruma meydana gəlir. Nəzərə alsaq ki, qarşıdan şaxtalı boranlı qiş fəsli gəlir o zaman bu süjeti diqqətlə izləməliyik.

 

Dəri insanın ilk geyimidir desək, yanılmarıq. Bütün bədənimizi örtən, qoruyan dərimiz də zaman-zaman dəyişilir, qulluq tələb edir, xüsusən soyuq fəsildə. Şaxtadan, tozdan mütəmadi qorumaq məcburiyyətində olduğumuz dərimizə diqqət çox vacibdir. Əks halda…

 

Həkim-Dermatoloq Mehparə Babayeva: “Şaxtalı hava dərini normadan artıq qurudur və bu əlamətdər gələcəkdə yaşlanma əlamətlərini kəskin üzə çıxmaqda özünü əks etdirir. Qan damarlarında kəskin sıxılmalar, daralmalar- genişlənmələr gedir. Bu həm ilkin qızartı şəklində özünü görsədir, həm də ki, damarlar genişləndikcə dəridəki nəm həddindən aşırı dərəcədə buxarlanır və dəri müdafiəsiz qalır.”

Bu fəsildə yağan yağış, əsən külək, çovğun, qar, evdə isə isti və quru hava dərimizə ziyan verə bilir. Soyuğun təsirindən bir neçə dəqiqə ərzində dəridə quruma və bərkimə prosesi baş verir. Təkcə qadınların deyil, kişilər və uşaqların da dərisinə qulluq etmələri məsləhət görülür.

 

Həkim-Dermatoloq Mehparə Babayeva: “Əslində uşaq kremləri çox bilir ki, çox yağlı teksturadadır və uşaqlar üçün ziyansızdır. Və yaxudda bundan əlavə xüsusi yağlar var cild üçün – üzərinə bəzən yazılır ki, bütün ailə istifadə edə bilər. Ən azı bitki yağlarından, xüsusi kosmetik yağlardan istifadə olunmalıdır.”

 

Odur ki, payız və qış fəslində gözəl, sağlam, təravətli dəriyə sahib olmaq istəyirsinizsə, bu fəsillərdə dərinin qurumasının qarşısını almaq üçün bol su içməklə yanaşı, müxtəlif vitaminlərdən də istifadə etməliyik.