Əgər qaz kəmərlərində qazsızma halları aşkar edilərsə..

07 Dekabr 2017 17:04

Mənzillərdə, hamam otağında ölümsaçan qaz sızmalarından, acı nəticələrindən çox danışılıb. Bəzən isə bu sızmalar hündürlükdə, yeraltı və qapalı şəraitdə olan qaz kəmərlərində baş verir ki, çox vaxt bundan xəbərsiz oluruq. Faciə riski daşımaqla bərabər, atmosferi də zəhərləyən bu sızmalar necə aşkar olunur və necə aradan qaldırılır? Buna diqqət çəkən əməkdaşımız Pərvanə Əliyeva mövzunu Lənkəranda araşdırıb.

 

Rütubətli münbit torpaqlarda yeraltı qaz kəmərləri daha tez karroziyaya uğradığından həmin ərazilərdə sızma ehtimalları da artır. Buna görə də mütəxəssislər ildə 10-12 dəfə həmin kəmərlərə texniki baxış keçirilməsini məsləhət görürlər.

 

Təmiz Qaz” MMC-nin Lənkəran Regional Mərkəzinin rəhbəri Zəfər Nəsirov: “Çünki yeraltı qaz kəmərlərində sızma olduğu halda, hətta 500 metrə məsafəyə qədər olan ərazidə luklar və boşluqlara zirzəmilərə doluşmaq ehtimalı var. Buna görə də biz yeraltı qaz kəməri trası boyunca yoxlama apararkən trasa bağlı qalmırıq. Ətrafında olan 30 metr radiusunda olan bütün zirzəmilərə kanal luklarina baxış keçiririk.”

 

Yeraltı, yerüstü, qapalı şəraitlərdə, həmçinin hündürlüklərdə olan qaz kəmərlərinə texniki baxışı müasir qazanalizedici cihazlarla və mobil qazanalizatorlarla təmin olunmuş "Təmiz Qaz” xidməti həyata keçirir. “Azəriqaz”ın balansında olan qaz kəmərlərinə ildə 5 dəfə baxış keçirən qurum sənaye obyektlərinin sifarişi əsasında onların qaz xətlərini də yoxlayır.

 

Təmiz Qaz” MMC-nin Lənkəran Regional Mərkəzinin rəhbəri Zəfər Nəsirov: “Sənaye obyektləri ildə 1 dəfə texniki baxış keçirməyimizi istəyirlər. O da ki, sızmaların, itkilrəin olduğunu hiss etdikdə bunu edirlər. Amma hiss olunsa da, olunmasa da hər 6 aydan bir qaz kəmərlərinə texniki baxış keçirilməsi mütləq lazımdır.”   

 

Mütəxəssis bidirir ki, qaz sızmalarının aşkarlanmasında bəzən şəhər ərazisində texnoloji quyuların, lukların asfaltla örtülməsi çətinliklər yaradır. Eyni zamanda həmin quyuların növündən asılı olaraq qapaqlarında təhlükəsizlik məqsədilə havalandırma yeri olmalıdır ki, bəzən bu da  ciddiyə alınmır. Lənkəran Regional Qaz İstismar İdarəsindən bidirilib ki, Cənub rayonları üzrə hər il həm yerüstü, həm də yeraltı qaz kəmərlərində yüzlərlə sızmalar aşkarlanır. 

Lənkəran Regional Qİİ-nin Təhlükəsizlik Texnikası üzrə mühəndisi Adil Əliyev: “Hər rayon üzrə orta hesabla 1000-1500 arası sızma aşkar olunur. Ümumi region üzrə 10-15 min sızma aşkar olunur. O sızmalar da Qəza Bərpa Xidməti tərəfindən gedib sızmalar yerində yoxlanılır və aradan qaldırılır.”

 

Vətəndaşların  rastlaşdıqları hər hansı sızma barədə anında aidiyyatı qurumlara məlumat vermələri bu zaman baş verə biləcək arzuolunmaz hadisələrin, eləcə də qaz itkisi və atmosferin çirklənməsinin qarşısını ala bilər.