Masallıda suvarmadakı problemlər aradan qaldırılır

11 2018 17:43

Meliorasiya sahəsinə göstərilən diqqət kənd təsərrüfatının,eyni zamanda ölkə iqtisadiyyatının inkişafına şərait yaradır. Əkin sahələrinin vaxtında və səmərəli suvarılması yüksək məhsuldarlığın əldə edilməsinə səbəb olur. Masallıda strateji məhsullar üçün yeni  əkin sahələrinin salınması suya olan tələbatı iki dəfəyə qədər artırıb.

 

      Sovetlər dönəmində Masallı rayonunda 15000 hektar əkin sahəsinin suvarılması mümkün idi. Bunun 9900 hektarı Viləşçay Su Anbarı İstismar İdarəsi, qalan hissəsi isə digər su hövzələrinin hesabına suvarılırdı.Bu gün keçmiş ənənələri özündə yaşadan təsərrüfat sahibləri yenidən çəltik, çay və tütün sahələrinin salınmasına maraq göstərirlər.Ötən il rayonda 200 hektar sahədə çəltik,  30 hektarda isə tütün əkilib. Bu il isə təkcə çəltik sahələrinin daha 200 hektar artırılaraq, 400 hektara çatdırılması nəzərdə tutulub. Mütəxəssislər bildirir ki, hazırki imkanlarla artırılan sahələrin suvarılması mümkünsüz görünür. Bunun üçün mövcud olan kiçik həcmli sututarların fəaliyyətinin yenidən bərpası vacibdir.İdarə rəisi Mahir Əliyev bildirdi ki, artıq bu istiqamətdə işlərə başlanılıb

Viləşçay Su Anbarı İstismar idarəsinin rəisi Mahir Əliyev: “Bunların texniki vəziyyəti artıq araşdırılıb,onların su tutumu müəyyən edilib.Və belə müəyyən etmişik ki, bu su  tutarlarından  tam istifadə  edə  bilsək,hardasa 2000 hektar əraziyə  əlavə suyun verilməsini təmin etmək olar ”

    Suvarma zamanı mövcud olan problemlərdən biri əkin sahələrinin düzgün seçilməməsi və su itkisinin yaranmasıdır.Mövcud problemlərin vaxtında qarşısını almaq üçün təsərrüfat sahibləri ilə görüşlər keçirilir, onlara tövsiyyələr verilir

 Viləşçay Su Anbarı İstismar idarəsinin rəisi Mahir Əliyev: “Yerlərdə fəaliyyət göstərən sudan istifadə edən  birlikləri var.Yəni onlarla ilk növbədə  əkin yerlərinin əkilməsi razılaşdırılmalıdır,su mənbəyi seçilməlidir”

         İdarə açıq və qapalı suötürücülərin təmir-bərpa işlərini də həyata keçirir. 451 km açıq su kanalları lildən təmizlənib, 4000 hektar əraziyə xidmət göstərən qapalı suötürücüləri isə təmir edilir

Viləşçay Su Anbari İstismar idarəsinin rəisi Mahir Əliyev: “Bizim öz balansımızda olan Viləşçay su anbarıdır.Artıq orda təmir işlərinə başlanılıb.Və fevral ayından artıq su yığımına başlayacağıq”

     Mənbəyini Viləşçay və Vətərçaydan götürən 46 min kubmetr su tutumu olan anbarda işlər tezliklə tamamlanacaq.

Aytən Sakitqızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Masallı