Lənkəran düyüsü “Made in Azerbaijan”brendi altında xarici bazara çıxarılacaq.

12 2018 17:59

Son illər cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Sevindirici haldır ki, ötən il Lənkərana səfəri çərçivəsində ölkə başçısı rayonda çəltik emalı zavodunun açılışını etdi. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə indi tam gücü ilə fəaliyyət göstərərək fermerlərin işini daha da asanlaşdırıb.

         

          Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Ətirli Lənkəran düyüsü hər zaman yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. Respublikamızın hər bölgəsində “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. İndi ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Bu məqsədlə Lənkəranda ilk dəfə çəltik zavodunun inşası mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilərək ötən il istifadəyə verilib.

Müxbir Aygün Əliyeva: “ Ölkə başçısı İlham Əliyevin xeyir duası ilə istifadəyə verilən Lənkəran  çəltik emalı zavodu gündəlik 10 ton çəltik emal gücünə və eləcə də 20 ton qurutma gücünə malikdir.”

          Elit texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmədən əkinçiliyin bütün sahələrində olduğu kimi, çəltikçilikdə də uğur qazanmaq mümkün deyil. Bu baxımdan sözügedən müəssisə düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən istifadə edir.

Çəltik emalı zavodunun direktoru Emin Cəbizadə:“ Burada qurutma avadanlığı ilə düyü qurudulur.Qurutmadan sonra üstü cilalanır.Rəngləri ayrılır və sonra tam təmiz məhsul paketləşdirilir.”

      Girdəni və Siyavar kəndlərində çəltik sahələri mövcud olan müəssisədə əvvəllər əl əməyindən istifadə edilərək gündə yarım hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün də iqtisadi baxımdan səmərəlidir.

 Təsərrüfat sahibi Sərdar Səttarov:“ Ötən il 2 hektar ərazidə ilk dəfə olaraq çəltik əkmişəm , məhsuldarlıq çox yaxşı oldu.Biz də çəltiyimizi aparıb ,orda təmizlətdirib,satışa buraxırıq.”

      “Haşimi” düyü sortu özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. İndiki vaxtda isə istər daxili, istərsə də xarici bazarlarda bu cür ekoloji cəhətdən təmiz düyülərə böyük ehtiyac var.

Çəltik emalı zavodunun direktoru Emin Cəbizadə:“ Made in Azərbaijan  brendi  altında xaricdə də danışıqlar gedir.Və bütün xarici ölkələrdə  yaxın gələcəkdə satışda olacaqdır”

       Zavodun aylıq emal gücü 300 ton və düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə sözügedən müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub. Həmçinin gələcəkdə müəssisənin ərazisində hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması da planlaşdırılır.

 

Aygün Əliyeva, Eldəniz Qurbanov, Elviz Nəsirli , Lənkəran.