"ABAD" mərkəzin təşkil etdiyi xidmətlərdən misgər ustaları da yararlanır

29 2018 18:23

         Cənub bölgəsində çox az insanın məşğul olduğu misgərlik sənəti unudulmaqdadır. Masallının Boradigah qəsəbəsində yaşayan Taleh Ağayev bu gün ölkəmizdə bu peşəyə yiyələnən və barmaqla sayılan ustalardandır. Onun çəkicinin mis üzərində çıxardığı musiqili səsin sorağına təkcə Masallıdan deyil, digər şəhər və rayonlardan, eləcə də xarici ölkələrdən gələnlər var.

           Boradigah qəsəbə sakini Taleh Ağayevin emalatxanasında mis və bürünc qablar, samovarlar, su səhəngləri, plov qazanları, sinilər göz oxşayır. Bu mənzərə sanki kiçik bir muzeyi xatırladır. Emalatxananın sahibi Taleh usta misgərlik sənətinin yaşadıldığı və daha çox sənətkarların yetişdiyi Lahıcdandır. 50 ildən çoxdur Masallıya köçən misgər deyir ki, mis qabda hazırlanan yeməklərin, samovar çayının dadı tam başqa olur. Əvvəllər bu sahəyə, elə mis qabların özünə marağın çox olduğunu deyən müsahibimiz əlavə etdi ki,indi sifarişlərin sayı azalıb.

         Misgər Taleh Ağayev:“Amma indi bu dəqiqə daha çox demək olar ki, mis qablara ailə üçün xalq artıq başa düşür ki, mis misdir deyənə qayıdıblar mis qablara.Balaca evdə ailə üçün işlətməyə 5-6 nəfərlik belə mis qazanlara

           Ona İrandan, Rusiyadan, Türkiyədən və hətta Almaniyadan da sifariş verənlər var. Əl işlərinin qiymətləri isə ölçüsündən və materialından asılı olaraq 50-250 manat arasında dəyişir. 35 ildir misgərliklə məşğul olan usta əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu əvəzolunmaz bir əl işinə çevirir.Mis qabların hazırlanması üçün o, günlərlə vaxt sərf edir.

        Misgər Taleh Ağayev:“ Çətin sənətdir xammal olmalıdır.Ondan sonra listi götürüb nəsə düzəltmək lazımdır.Misi gərək elə yığasan ki, calağı bilinməsin.Sonra da naxış işidir.Çətin işlərdəndir.O da ustanın əl qabiliyyətinə baxır”

           Hazırda usta əl işlərinin satışını Ailə Biznesinə Asan Dəstək Mərkəzinin vasitəsi ilə həyata keçirir. Masallıda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün Taleh Ağayev ilk regional "ABAD" mərkəzi  olan Masallı 1 saylı Regional Mərkəzin ona yaratdığı dizayn və satışın təşkili xidmətlərindən yararlanır.

         1 saylı Regional Abad  Mərkəzinin direktoru Ümid Quliyev:“ Hazırda aktiv olan sənətkarlıq Masallı, Lerik, Lənkəran rayonlarını əhatə edir.Bu mərkəzin fəaliyyət çərçivəsində digər rayonlarımız Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, Astara bu sahələrdə fəaliyyət göstərən sənətkarlarla əlaqə saxlamışıq.9 sənətkar var ki, onların sənət işlərinin, sənət əsərlərinin ABAD vasitəsi ilə satışını aparırıq”

          Taleh usta həm də qalayçılıqla məşğul olur. Qədim dövrlərdən qalma köhnə, sıradan çıxmış qablara necə deyərlər, ikinci həyat bəxş edir.Bu gün Taleh Ağayevi narahat edən əsas məsələ isə gənclərin bu sənətə biganəliyidir. Əsrlərdir xalqımıza xidmət edən, məişətini yüngülləşdirən, sağlamlığına müsbət təsir göstərən misgərlik və qalayçılığa maraq olmasa bu sənət tamamilə unudulacaq. 

          Aygün Əliyeva, Elviz Nəsirli, Masallı