Lerikdə təsərrüfatlarda zebu cinsli inəklərin sayı azalır

29 2018 18:28

         Lerik təsərrüfatlarında yüksək genetik xüsusiyyətlərə sahib yerli zebu cinsli inəklərin sayının kəskin azalması zebu genefondunun təbiətdən silinməsinə gətirib çıxaracaq. Mütəxəssislər xəbərdarlıq edir - dağ şəraiti üçün əlverişli olan zebu genefondu qorunmalı, onlar yüksək məhsuldar cinslərlə çarpazlaşdırılmalıdır.

            Lerikin sərt iqlim şəraiti burada hər zaman dözümlü heyvan cinslərinin saxlanmasını zəruri edir. Bu üzdən təsərrüfatlarda zebu inək cinslərinin saxlanılmasına həmişə üstünlük verilib.Hətta sovet dövründə Kubadan gətirilmiş 500 başdan çox hindi braun zebusu Lerikin təsərrüfatlarına paylanılmışdı. Bu gün isə o cinslərdən heç biri qalmayıb. Yerli zebulardan isə çox az sayda təsərrüfatlarda saxlanılır.

            Təsərrüfat sahibi Həsən Cabbarov:“ Ata-babadan biz bunları saxlamışıq. Kənd yeri örüş üçün yaxşıdır.Özünə yem tapır, zirək maldır.”

            Təsərrüfat sahibi Şərəbanu Qənbərova:“ Dağ yeridir, qar olur, şaxta olur. Biz buraxırıq gedirlər otlayırlar gəlirlər. Bunun kökün kimin ağlı olsa kəsməz.”

            Təsərrüfat sahibi Sərfinaz Qənbərova:“Yağı çoxdur,süd yağlı verir.Qaymaq kimi olur.O inəklərdən bu yaxşıdır.”

         Zebunun boynunda donqarının olması onun əsas fərqləndirici əlaməti hesab olunur. Bu inəklər çevikliyi ilə dağ və dağətəyi ərazilərdə rahat gəzir, çətin şəraitlərdə də özünü yemlə təmin edir.Təbii immuniteti güclü olan bu heyvanlar xəstəliklərə davamlıdır.

         Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev:“Xüsusi ilə təsərrüfata iqtisadi ziyan vuran qan-parazitar xəstəliklərinin bunlarda olmaması iqtisadi cəhətdən çox sərfəlidir. Bunların dərilərində olan spesifiklik qansorucu gənələrin qan sormasına imkan vermir.”

           Baytar həkimi Güloğlan Bayramov:“ Bütün profilaktiki tədbirlər aparanda bunlar xəstəliyə, həm də soyuğa çox davamlı heyvanlardır. Hazırda qarayaraya qarşı vaksinasiya aparmışıq.10-15 gündən sonra dabaq və  çiçək xəstəliklərinə qarşı da profilaktik tədbirlər aparılacaq.”

      Südünün yağlılığı 7 faizdən yüksək olan zebuların əti isə az yağlı olmaqla  yüksək dietik xüsusiyyətə malikdir. Bunun səbəbi piy və yağ toxumalarının ehtiyat qida kimi giləkdə toplanması,həmçinin ətində xolestrinin miqdarının az olmasıdır.Mütəxəssislər deyir ki, bu genetik xüsusiyyətlərə əsasən zebuları yüksək ətlik və südlük cins inəklərlə çarpazlaşdırmaqla hibrid nəsil almaq olar.

           Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev:“ Cins heyvandarlıqda zebu hibridlərini çarpazlaşdırmaqla yeni cinslər alaq. Zebu qanı olsun heç olmasa. Yəni həm xəstəliklərə davamlı, südündə yağlılıq, eyni zamanda sərt iqlimə, soyuğa, yüksək istiyə davamlılıq həmin cins heyvanlarda da öz əksini tapsın.”

           Təsərrüfat sahibi Hacıkişi Sultanov:“ Zebu cinsi 4 inəyim var.İstiyə,soyuğa dözümlü olduğu üçün istəyirəm ki, təsərrüfatımı artırım. Törədici kimi bundan istifadə etmək fikrim var.”

           Yerli şəraitə uyğun yeni hibridlərin alınması zebu genefondunun təbiətdən silinməsinin qarşısını almış olacaq. 

           Pərvanə Əliyeva, Rəcəb Hüseynzadə, Lerik.