Lənkəranın “Dairəvi Qala”sı tarixə qovuşmaq üzrədir

03 2018 18:41

 Bölgələrə turist axınını təmin edən və onu nəinki respublikamızda,  hətta dünyada tanıdan amillər sırasında ilk olaraq tarixi abidələr gəlir. Bu tikililər isə zamanla dağılıb sıradan çıxmasın deyə təmir və restavrasiya edilir. Lakin bəzən təmirin düzgün aparılmaması səbəbindən restavrasiya işləri başa çatdıqdan bir-iki il sonra həmin abidə yenidən qəzalı vəziyyətə düşür. Buna misal olaraq Lənkərandakı "Dairəvi Qala"nın adını çəkə bilərik.

 

      El arasında “Zindan Qala” kimi tanınan “Dairəvi Qala” 1747-1786-cı illərdə Nadir Şah Əfşarın göstərişi ilə avropalı mühəndislər və Təbriz ustalarının əməyi nəticəsində inşa olunub. 2006-cı ildə “Dairəvi Qala”da əsaslı təmir-bərpa işləri aparılsa da, 2015-ci ildə normadan artıq qarın yağması qala divarına ciddi ziyan vurub. Bundan sonra isə yağan qar və yağış suları qalanın içinə yağıb. Nəticədə tarixi tikilinin divar hissəsi də dağılıb.

Sakin Rəhimə Zamanova:Bərbad vəziyyətdədir. Qoy onu yaşatsınlar, gələcək nəsillər onu görsün. Bilsin ki, belə bir şey olub, belə bir şey yaşanıb.”

 Sakin Ağabala Abbasov:“Keçmişdən gələn tarixi abidədir. Belə abidə çox az hallarda olur. O təmir olunmalıdır, qorunmalıdır”

      Vəziyyətdən Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti xidmət orqanı da xəbərdardır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev:2018-2021 –ci illər üzrə investisiya proqramı layihəsi çərçivəsində  Lənkəran şəhərində yerləşən “Dairəvi Qala”nın tam hissəsinin bərpası nəzərdə tutulmuşdur. Bizim tərəfimizdən bu layihə müvafiq icra hakimiyyəti orqanına təqdim olunub. Müvafiq qərar qəbul olunandan sonra bərpa işləri aparılacaq.”

         Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlətin mühafizəsində olan bu abidə zamanında Lənkəran qalasının mühüm hissəsi olub. "Zindan Qala" deyilən tikili XIX əsrin sonlarından həbsxana kimi istifadə olunub.Tarixçilərin sözlərinə görə, bu zindanda dövrün tanınmış şəxsiyyətləri, Sovet hakimiyyətinə qarşı çıxan inqilabçılar yatıb.

Tarixçi Həşim Kəlbiyev:“ Rusiya Kəndli Bankının Lənkəran filialını bolşeviklər inqilabı mübarizəsində istifadə etməkdən ötrü yarıb və Stalini həbs ediblər. Stalin burada yatıb. İnqilabçı olan İmran Sadıxovun ,cənub bölgəsinin qaçaqçılıq hərəkatının məşhur iştirakçılarından olan Abdulla Məmmədovun burada yatması məlumdur.”

          “Zindan Qala”sından Lənkəranın simvollarından biri sayılan “Mayak”a gizli tunel də çəkilib. Möhtəşəmliyi və zəngin tarixi keçmişi ilə göz oxşayan bu abidə indi səbirsizliklə təmir olunacağı günü gözləyir.

Enur Ələkbərov, Elviz Nəsirli, Lənkəran, Bakı.