Cəlilabadda əkin sahələrinin suvarılmasında problemlər var

31 2018 17:13

 Ötən mövsüm əkin sahələrinin suvarılmasında yaşanan problemləri növbəti mövsümdə aradan qaldırmaq məqsədi ilə Cəlilabad rayonunda meliorasiya tədbirlərinin genişləndirilməsi nəzərdə tutulub. Artıq bunun üçün təkliflər də hazırlanıb.

 

     Cəlilabad rayonunda 108 min hektar əkinaltı torpaqlar mövcuddur.Bu torpaqların 76 min hektarında əkin aparılır ki, bunun da yalnız 11 min hektarını suvarmaq mümkündür.Sovetlər dönəmində rayon ərazisində dağ çayları üzərində 30-a yaxın kiçik həcmli bəndlər olub.Əkin sahələri də bu su hövzələrinin hesabına suvarılırdı.

Cəlilabad Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Arif Həsənov:“ Sovetlər dönəmində primitiv bəndlər var idi. Onun altında üzüm, taxıl sahələrinin suvarılması mümkün olan işlər gedirdi.Sonra bunlar hamısı ləğv oldu”

Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilk sektorunun baş məsləhətçisi Mübariz Nadirov:“ Böyük üzüm plantasiyaları kəndlərdə salınan o sututarlar hesabına suvarılırdı”

     Sonralar bu sututarlar tədricən sıradan çıxıb. 2015-2016-ci illərdə İncəçay, Mişarçay və Göytəpə çayı üzərində mövcud olan daha 8 bəndin fəaliyyəti dayandırılıb. 

Təsərrüfat sahibi  Zahir Hüseynov:“ Bu sututarlar mal-heyvan üçün, qaz- ördək üçün istifadə olunur.”

Təsərrüfat sahibi Zamanəddin Feyziyev:“ 4-5 ildir ki, su kəsilib, ona görə istifadə edə bilmirik. Əvvəllər kartof əkib bu kanaldan suvarardıq”

       Bu gün əkin sahələrinin suvarılması demək olar ki, Cənub Muğan kanalının ümidinə qalıb.Təkcə bu kanal hesabına 10 min hektar əkin sahəsi şirin su mənbələrindən suvarılır. Qalan 1000 hektar ərazini isə İncəçay, Mişarçay və Göytəpə çay bəndləri vasitəsi ilə suvarmaq mümkün olur. Lakin burada da kifayət qədər problem mövcuddur

Fermer Rafael Nağıyev :“ Burada  suvarma kanalları vardı. Suyun mənbəyi Əzizbəyov kanalından, bir də beton kanaldan gəlirdi. Sahələrə beton kanallarla su çəkilmişdi. Həmin suvarma sistemləri ləğv olunub”

     Bundan başqa əkilən 5 min hektar kartof və 500 hektar çiyələk sahələrdə qazılan əl quyuları vasitəsi ilə suvarılır. Mütəxəssislər bildirir ki, yerin alt qatından çıxan sular heç də keyfiyyətli deyil, duzluluğu yüksəkdir. Həmçinin tərkibində kükürd elementlərinin çoxluğu məhsuldarlığa ciddi təsir göstərir

Cəlilabad Suvarma Sistemləri İdarəsinin baş mühəndisi  Arif Həsənov :“ Qazılan quyular torpağı şorlaşdırır. Əsasən artezian quyuları qazılmalıdır, bir də sahələr çay suyu ilə suvarılmalıdır”

 Aqronom İmran Babayev : “ Ən gözəl suvarma suyu dediyim kimi çay suları, dağ çaylarının sularından istifadə olunsa daha yaxşı olar.”

     Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində mövcud olan çaylar üzərində su bəndlərinin qurulması yüksək vəsait tələb edir.Hazırda ən optimal variant Akkuşa çayından su kanalının çəkilməsidir. Cəmi 20 km uzunluqda olan kanalın çəkilməsi həm az vəsait tələb edər, həm də 30 minə yaxın əkin sahəsinin suvarılmasına şərait yaradar

Elşən Feyzullayev,Zahid Aydınoğlu,Cəlilabad.