Bu gün böyük çillə bitir, kiçik çillə başlayır.

31 2018 17:14

Bu gün qışın böyük çilləsi bitir,  kiçik çillə başlayır. İyirmi gün davam edən kiçik çillədə böyük çilləyə nisbətən hava daha soyuq və sərt olması ilə fərqlənir. Bu dövrü sağlam başa vurmaq üçün müxtəlif mərasimlər  bayramlar keçirilir.

        İlk günlərdən kəskin soyuqların başlaması kiçik çillənin əsas əlamətlərindəndir.Böyük çillə dövründə hava tədricən soyusa da, sərt soyuqlar müşahidə edilmir. Kiçik çillədə isə havanın temperaturu daha da aşağı düşür, yağış və qar çox yağır. Kiçik çillənin sərt olması qədim inanclarda da öz əksini tapıb.

Müxbir  Pərvanə Əliyeva:“ Qışın ortasında görüşən çillələrdən kiçiyi böyüyə deyir: "Nə gördün? dolu samanlıqlar,yağ küpələri,qollu-biləkli qarılar təndirə çörək yapırdı.”

Kiçik Çillə deyir: Eh sənin ömrün məndə olsa, bilirsən neyləyərdim? Toyuqları hində, qadınların əlini un çuvalında, atların qulununu qarnında dondurardım.”

     Bu sərtlik özünü kiçik çillənin daha çox ilk ongünlüyündə, Xıdır Nəbi deyilən bayram günlərində göstərir.

Filologiya elmləri doktoru Yədulla Ağazadə:“ Ən sərt dövrün də ən çətin günləri fevral ayının , 9-u, 10-u ,11-dir.Bu 3 gün kiçik çillənin ən sərt dövrü Xıdır Nəbi deyilən anlayışla bağlıdır ki, həmin günlər xalq təsəvvürünə görə Xıdır Nəbi gəlir, qışın ən sərt dövründə qışın buzunu əridir, atın ayaqlarında əzilən buz parçaları suyun axmasına imkan yaradır və sulara ixtiyar verilir”

           Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir. İnanca görə, küncə qoyulan qovut ununa gecə Xıdır Nəbi gəlib əlini çəkərsə, həmin il o evin ruzisi bol olar.

Filologiya elmləri doktoru Yədulla Ağazadə: “Həmin mərasim zamanı evlərdə, xüsusən yaşlı qadınlar qovut bişirirlər, qorğa bişirirlər .Bütün bunların da məqsədi o istiliyi, baharı gətirmək anlayışına xidmət edir”

Sakin Xanım Səfərova: “Kiçik çillə gəldi,biz daşda çəkirik buğdanı, el adəti ilə ondan bir az götürüb qoyuruq küncə.  Səhəri durardıq qonşulara da pay verərdik, özümüz də yeyərdik.Bunun mənası ona görədir ki,allah yetirsin, ruzi-bərəkət versin.”

    Son günlər havaların soyuması, şaxtaların düşməsi kiçik çillənin bu dəfə də sərt keçəcəyindən xəbər verir.Amma el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz.

Pərvanə Əliyeva, Elviz Nəsirli Lənkəran.