Lənkəranlı oyma ustası Samir Həbibovun emalatxanasından reportaj

01 2018 17:23

Cənub bölgəsində müxtəlif sənət növləri ilə yanaşı, ağacoyma sənəti ilə də məşğul olan sənətkarların sayı az deyil. Onlardan biri də lənkəranlı oyma ustası Samir Həbibovdur. Əməkdaşlarımız sənətkarın emalatxanasında olub, iş şəraiti ilə maraqlanaraq, ərsəyə gətirdiyi sənət əsərləri ilə yaxından tanış olublar.

          Lənkəran sakini Samir Həbibov uşaq vaxtlarından bu işlə məşğul olmasa da, atası Etibar Həbibovun yanında, özü də bilmədən, bir oymaçı kimi yetişib. O, dekorativ-tətbiqi sənətin oymaçılıq istiqamətində cəmi bir ilə yaxındır ki, fəaliyyət göstərir. Samir usta deyir ki, rəssamlıqla bağlı olan ağacoyma olduqca çətin bir sənətdir. Bunun üçün daim bu sahədə özünü təkmilləşdirməyə can atır, oyma sənətinin incəliklərini tam öyrənməyə cəhd göstərir. Usta taxtadan hər cür məişət əşyası, milli atributlar düzəldir. 

Oymaçı Samir Həbibov :“ Tar,kaman ,dəf , saz var ,qız qalası da var, qoç da düzəldirik.Qiyməti də 30 manata.Tək tar, tək saz isə 19 manatadır” 

     Sənətin sirlərindən danışan müsahibimiz deyir ki, hər insan ağac üzərində oyma sənəti ilə məşğul ola bilməz. O, insandan səbir, bacarıq, güclü yaddaş və eyni zamanda ideya tələb edir. Diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz.

Oymaçı Samir Həbibov :“ Bu işdə əsas vaxtdır.Nə qədər çox vaxt sərf edirik qiyməti bir az da baha olur.Əl işidir deyə, xırdalıqları da var”

      Ustanın ağac üzərində oyma ilə yaratdığı yüzlərlə suvenir insanı çox təəccübləndirir. Atası bu sənətin incəliklərini oğluna öyrətməklə, özünün davamçısı hesab edir. Etibar usta deyir ki, ağac var ki, tez bir zamanda istənilən şəklə salmaq olur. Lakin ağac da var ki, çox çətin “ipə-sapa yatır”.

Oymaçı Etibar Həbibov :“Bahalı, keyfiyyətli ağaclardır. Ancaq qoz ,alma, şabalıd, şaftalı, armud ağaclarını işlədirik.Bunlar da yerli və keyfiyyətli ağaclardır. Rəngdən qəti istifadə etmirik”

Oymaçı Samir Həbibov :“Materialın gözəlliyindən çox şey asılıdır.Belə işlər görənlər çoxdur.Əsasən sadə materialdan istifadə edirlər.Qoz istifadə etmək adama baha başa gəlir”

          Süni rənglərdən istifadə etməyən usta deyir ki, təbii ağacların orijinal rəng zümzüməsi var. Onun yüksək keyfiyyətlə hazırladığı zərif əl işləri, milli musiqi alətlərimizi əks etdirən suvenirlər turistlər tərəfindən böyük rəğbətlə qarşılanır.Sənətkarın əsrarəngiz əl işləri “ABAD” sənətkarlıq mərkəzində sərgi-satışa çıxarılıb.

 

Aygün Əliyeva, Elviz Nəsirli, Lənkəran.