Şaxtalı hava Astara və Lənkəranın sitrus bağlarına ciddi ziyan vurub

01 2018 17:24

 Havaların şaxtalı keçməsi cənub bölgəsində sitrus bağlarına ciddi ziyan vurub. Bunun qarşısını almaq üçün mütəxəssislərin fermerlərə tövsiyyəsi də  var.

         Yanvar ayının sonlarında Astara və Lənkəran rayonlarına  qarın yağması müəyyən fəsadlara yol açıb. Havanın temperaturunun mənfi dərəcəyə düşməsi sitrus bağlarına təsirsiz ötüşməyib.Təsərrüfat sahibi Valeh Mürsəlov deyir ki, hava ötən ayın son on gününə kimi mülayim keçirdi. Bu müddət ərzində də sitrus ağaclarını polietilen örtük və ya digər vasitələrlə mühafizə etməyə ehtiyac qalmırdı. Lakin havanın qəfil soyuması onların da işini çətinə salıb.

Fermer Valeh Mürsəlov:“ Şaxtalı hava sitrus bağlarında məhsuldarlığı 50 faiz endirib.Bütün yarpaqlar demək olar ki, ağacların dibindədir.Bu da gələcəkdə məhsuldarlığın sıfıra düşməsinin göstəricisidir.Əgər havalar belə davam edərsə, biz sitrus meyvələrindən əlimizi üzməliyik.”

          Astarada əsasən soyuğa az davamlı olan naringi, limon, portağal və kinkan ağacları ziyan çəkib. Təsərrüfat sahibləri deyir ki, gecə saatlarında olan şaxta yeni pöhrə verən ağac budaqlarını vurub.

Bioloq Yunus Qulamov:“ Şaxta davam edərsə, əlbəttə bu il məhsulun azalmasına səbəb olacaq. Çünki yarpaq olmaması, çiçəklənməni gecikdirəcək, çiçəkləndikdən sonra lazım olan şirələr çata bilmədiyi üçün məhsul az olacaq.”

      Mütəxəssislər bildirir ki, təsərrüfatlarda ağaclar soyuq günlər başlamamışdan əvvəl şaxtadan qorunmaq üçün müxtəlif vasitələrlə mühafizə edilməlidir. Belə olarsa o, zaman zərərin də qarşısını vaxtında almaq mümkün olar.

Mütəxəssis Elşad Höccətov:“Ağaclar örtük altına alınır. Tək-tək bağlanan ağacların yuxarı hissəsindən bir qədər hava üçün yer saxlanılır. Ancaq şaxtalı günlərdə bağlayırıq. Karkaslar isə şaxta olmayan günlərdə havalandırılmalıdır”

     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, ötən ayın son on günündə dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3-10 dərəcə arasında dəyişib.

Elnur Ələkbərov, Rəcəb Hüseynzadə,Vüsal Yaqubov, Astara, Lənkəran.