Lənkəranlı dəmirçi mini traktor ixtira edib

02 2018 17:06

 Lənkəranlı dəmirçi təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. Kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir.

       Lənkəran sakini Novruzəli Nobatov 25 ildir ki, avtomobil təmiri sexində dəmirçi işləyir. Usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi "Jiquli" avtomobilinin ehtiyat hissələrindən istifadə edib.

Usta Novruzəli Nobatov:“ Bu 2 ay müddətində başa gəlib. Bu motoblok idi, Çinindir.Kənd təsərrüfatında əziyyət çəkdiyimə görə bunu ixtira etdim. Demək olar ki, motordan bu tərəfə bütün avadanlıqları özüm əlavə etmişəm.”

       İndi bu texnika daha çox iş görür. Novruzəli Nobatovun sözlərinə görə, mini traktorun hazırlanmasına 1000 manata qədər pul xərcləyib. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.

Usta Novruzəli Nobatov:“ Bir hektar kartof əkmək üçün sahədə 10 fəhlə bir həftə işləyir. Fəhlənin bir həftəyə işlədiyini bu iki günə edir.”

Novruzəli Nobatovun düzəltdiyi bu texnika onqat artıq iş görür. Bundan həvəslənən dəmirçi gələcəkdə texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

Elnur Ələkbərov, Rəcəb Hüseynzadə, Lənkəran.