Masallı sakini qamışdan müxtəlif məişət əşyaları hazırlayır

03 2018 18:38

Respublikamızın cənub bölgəsində əvvəllər həsirçilik sənətini öyrənənlər də çox idi, öyrədənlər də. İndi isə belələrini barmaqla saymaq olar.Bu sənəti yaşadan, bataqlıqda bitən qamışdan müxtəlif məişət əşyaları ərsəyə gətirən insanlardan biri də Masallının Türkoba kənd sakini Şirin Əsədullayevadır 

           Həsir zənbillər, şlyapalar, çantalar, saxsı qablar üçün tutacaqlar,tərəzilər, asılqanlar. Bu kimi məmulatlar günümüzdə də məişətdə istifadə olunmaqdadır. Şirin Əsədullayeva 28 ildir həsirçilik sənəti ilə məşğul olaraq, bu peşəni unudulmağa qoymur. Fabrik şəraitində istehsal olunan çoxsaylı məişət əşyaları olsa da, həsirlərə də bu gün ehtiyac duyulur 

Həsirtoxuyan Şirin Əsədullayeva: “Cənub bölgəsi olduğu üçün rütubət çox olduğundan, çox da istifadə edirlər.Bu revmatizm xəstəliyinin  qarşısını alır.Evlərdə də qabaq sərirdilər bundan.Körpə uşaqlar bunun üstündə böyüyüblər.Dənizə gedəndə də aparırlar, zənbil kimi də istifadə olunur.Bununla bazara gedirsən və  həmişə dolu gəlirsən.Heç xarab da olmur”

       Sənətkar deyir ki, bu gözəl əl işlərinin alınması üçün ilk növbədə qamışın lığ, pizə, ziyəlığ, cil kimi növləri bataqlıqlardan yığılır. Xammal müəyyən texnoloji proses dövründən sonra yararlı hesab edilir

Həsirtoxuyan Şirin Əsədullayeva: “Yaz, yay aylarında yaşıl formada dərib gətirirlər, həyətdə qurudurlar.Yoldaşım dərib gətirib mənim üçün.Mən də qurudub saxlamışam qışa.Qışda da qurudandan sonra isladırsan, sort edirsən irili-xırdalı , hörürsən və sonra da toxuyub tikirsən”

         Hazırlanması çətin olan, lakin çox gəlir gətirməyən həsirtoxuma ilə bağlı sənətkarın gələcək nəsillərə tövsiyəsi də var

Həsirtoxuyan Şirin Əsədullayeva: “Qoca nəsil dünyasını dəyişib,biz orta yaşın insanlarıyıq.Bizdən sonra istəyərdim  ki ,uşaqlar da öyrənsin və davam etsin ,tarixə qovuşmasın. Neçə ildən sonra deməsinlər ki, tarixdə belə bir sənət var idi.İstəyərdim ki, itməsin bu sənət ,davam etsin həmişə”

             Şirin Əsədullayeva əl işlərini “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarır. Qiymətlər isə 1 manat,  25 manat aralığında dəyişir.

 

Aygün Əliyeva, Elviz Nəsirli, Masallı.