Astaralı fermerlər dəfnənin əvvəlki şöhrətini özünə qaytarmaq istəyirlər

05 2018 17:05

Bir zamanlar cənub bölgəsində əhalinin əsas məşğuliyyəti və yüksək qazanc əldə etdiyi sahələrdən biri də dəfnəçilik olub. Bu gün isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir. Hazırda dəfnəyə olan tələbatı nəzərə alan astaralılar bu sahənin əvvəlki şöhrətini qaytarmaq arzusundadırlar.

        Əsasən subtropik ərazilərdə yetişdirilən həmişəyaşıl dəfnə ağacı Azərbaycanda 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonları ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları gözlənildiyindən də yaxşı nəticə verib. Sonralar bu sahə genişləndirilərək 200 hektarlarla ərazini əhatə edib.

Bioloq Yunus  Qulamov: O vaxtlar Astaranın Kijəbə qəsəbəsində keçmiş Lenin adına sovxozun nəzdində ilk dəfə təcrübə məqsədi ilə dəfnə  bağları salınmışdır.Və orada yaxşı nəticə verdiyi üçün Lənkəranın bütün kəndlərinə paylanılıb”

         Bioloqun sözlərinə görə, dəfnə plantasiyasının 1 hektarından 3,5 ton məhsul tədarük etmək mümkündür. Həm də dəfnənin becərilməsinin maya dəyəri olduqca azdır. Dəfnə ağacı həm quraqlığa, həm də mənfi 20 dərəcə şaxtaya dözümlüdür.

Kənd sakini Zəbiəli Əliyev :“ Hardasa kəndin 30-40 faizinin həyətində dəfnə sahəsi var idi. İldə 4 dəfə biz onu dərirdik, qurudurduq və yaxşı  qiymətə satırdıq.İndi bununla heç kim məşğul olmur”

         Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunub. Yunus Qulamovun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir.

Bioloq Yunus  Qulamov:“  Geniş tətbiq sahəsi var.Ağız iltihabı, diş iltihabından tutmuş bir çox daxili xəstəliklərdə,hətta şəkərin,təzyiqin aşağı salınmasında istifadə olunur.

         Mütəxəssislər bildirirlər ki, əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək mümkündür.

Bioloq Yunus  Qulamov:“ Bu sahənin inkişaf etməsi həm yaşıllıqların artması deməkdir,həm də ki, bu qiymətli bitki unudulub getməyəcək.Külli miqdarda gəlir əldə edə bilərik”

         Hazırda dünya bazarında bu bitkiyə olan tələbatın 90-95%-ni Türkiyə Respublikası ödəyir.

Aygün Əliyeva, Rəcəb Hüseynzadə, Astara