Lerikin dağətəyi kəndlərində kartof əkininə başlanılıb

05 2018 17:06

Lerikdə əsasən martda əkininə başlanan kartofu dağətəyi kəndlərdə sakinlər indidən torpağa basdırır. Fərdi təsərrüfatlarda yetişdirilən kartofun 10 sotundan fermerlər 5-6 ton məhsul götürürlər.

     Lerikdə kartof əkini birinci mərhələdə həyətyanı sahələrdə aparılır. Bu il havalar nisbətən mülayim keçdiyindən sakinlər əkinə tez başlayıblar. Təsərrüfat sahibləri deyir ki, yüksək məhsulvermə gücünə malik Lerik torpaqlarında kartofçuluq kəndli üçün ən sərfəli sahələrdən sayılır.

Təsərrüfat sahibi Abdulla Şəfiyev:“ Hər hektara 3 tona yaxın kartof əkirik. Hər hektarından 25-30 tona yaxın kartof götürə bilirik. Öz şəxsi sahəmdə, 20-30 sot torpaqda mən 10 tona yaxın kartof istehsal edə bilirəm.Hava quraqlıq keçsə suvarılmalıdır. Su olmasa məhsuldarlıq 2 dəfə aşağı düşür”

Təsərrüfat sahibi Sərvinaz Qənbərova: “200 kiloqram  əkirik, 600 kiloqram götürürük. Bu qışdan o qışa çatır. Bir yuvada 2-3 kiloqram götürürük. Allah bərəkət versin, heç kimə möhtac olmuruq”

          Əkin zamanı yerli toxumlarla yanaşı, İrandan gətirilmiş toxumlara üstünlük verilir.Kimyəvi gübrələrdən istifadə olunmur. Əksər təsərrüfatlarda mal-qara saxlandığından, gübrə kimi əkin altına və üstünə peyin tökülür. Bu da yüksək məhsuldarlığa zəmin yaradır.

Təsərrüfat sahibi Gülçöhrə Həsənova:“Belə qoyuruq,üstünə də peyin tökürük və üstünü örtürük.Peyin onu nəm saxlayır.Kimyəvi maddə verəndə, dərman verəndə qalmır, çürüyür. Toxum da belə olmur,qəşəng qalır”

      Əvvəllər  məhsula ziyan vuran çürümə xəstəliyi ilə bağlı dərman tapmaqda çətinlik çəkən əkinçilərin artıq bu probleminə son qoyulub

Təsərrüfat sahibi Abdulla Şəfiyev: “Çürümə xəstəliyi kartofa böyük ziyan vururdu, məhsuldarlığı 2-3 dəfə aşağı salırdı. İndi ona aid xüsusi çiləyici aparatlar, dərmanlar var.O dərmanları da biz lazımi yerlərdən alırıq,tətbiq edəndən sonra xəstəliklər də olmur”

      Təbii şəraitdə yetişdirildiyindən Lerik kartofuna tələbat yüksək olur.Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, ötən il 1377 hektarda aparılan əkin sahələrindən 17 min 352 ton məhsul toplanıb. Bu mövsümdə isə rayonda 1400 hektarda kartof əkilməsi nəzərdə tutulub.

Pərvanə Əliyeva, Rəcəb Hüseynzadə Lerik.