Fermerlərə hər arı pətəyinə görə subsidiya veriləcək

06 2018 17:59

Növbəti xəbərimiz arıçılıqla məşğul olanları sevindirəcək. Bu sahənin daha da inkişafı məqsədilə hər arı pətəyinə görə arıçılara ildə 10 manat subsidiya veriləcək.

 

         Arıçılığın inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən hər arı pətəyinə görə ildə 10 manat subsidiya veriləcək. Məqsəd ölkəmizdə bu sahəyə marağı artırmaq və balı böyük ixrac məhsuluna çevirməkdir. Görüləcək tədbirlər astaralı arıçıları da həvəsləndirib.Onlar gələcəkdə bu sahəni genişləndirmək və daha çox məhsul istehsal etmək niyyətindədirlər.

 

Arıçı Tural Hidayətov: “Dövlət başçımıza minnətdarlığımızı bildiririk ki, arıçılara subsidiyalar ayrılıb. Həvəslənmişik, İnşallah arılarımızı ikiqat artırarıq ki, daha çox məhsul əldə edək.Təkcə Azərbaycanda yox, məhsulumuzu dünya bazarında da nümayiş etdirək.”

 

Fermerlər deyir ki, bu sahənin inkişafı üçün Astara rayonunda hər cür imkanlar var. Rayonun həm təbii şəraiti, həm də iqlimi çox əlverişlidir. Bu da əldə olunan təbii balın keyfiyyətinin yüksək olması deməkdir.

 

Astara-Lənkəran Arıçılar Cəmiyyətinin sədri  Arif Nəzirov:  “2017-ci ildə hər bir arı ailəsindən 15-18 kq məhsul əldə etmişik. Növbəti illərdə də yaxşı məhsul əldə etməyimiz gözlənilir. Dövlətin bizə böyük qayğısı nəticəsində ildə iki dəfə sərgi-satış yarmarkasının təşkil olunması biz arıçıları sevindirir.”

 

Astarada həvəskar arıçılarla birgə 1200-dən yuxarı arıçı var. Ötən il rayon üzrə ümumilikdə 26 min arı ailəsindən 300 tona yaxın məhsul götürülüb.

 

Elnur Ələkbərov, Elviz Nəsirli,  Astara