İçməli su təkrar qaynadıldıqda tərkibini dəyişir

06 2018 18:01

Sağlam olmaq istəyən insan hər gün kifayət qədər adi təmiz su içməlidir. Özünüzün və uşaqlarınızın sağlamlığını sığortalamaq istəyirsinizsə yalnız qaynadılmış su için. Lakin suyun qaynadılmasının da öz qaydaları var. Növbəti sujetdə əməkdaşımız Bayram Abbasov bu qaydalardan danışacaq.

Su sözün əsl mənasında həyat mənbəyidir. Buna görə də onun keyfiyyətinə diqqət yetirmək lazımdır. Çünki indiki şəraitdə torpaqların çirklənməsi bulaq sularının saflığına təminat vermir. Bu zəhərli maddələri hətta bəzən müasir filtrlər də təmizləyə bilmir.

Müxbir  Bayram Abbasov: “İçmək üçün istifadə olunan suyun keyfiyyətinin yaxşılaşdırılması və zərərsizləşdirilməsinin əsas üsullarından biri də təbii ki,onu qaynatmaqdır. Su qaynayan zaman çoxlu bakteriyalar ölür, xlorun miqdarı azalır və su daha yumşaq olur.”

Sakin Sərraf Salayev: “Suyun tərkibində ola bilər ki,bəzi kimyəvi maddələr  var,yəni o həll olunmur. 3-2 dəfə qaynadandan sonra həll olur.Yaxşı da çay dəmləyirsən. Görürsən mədə bağırsağa xeyri var,böyrəklərə xeyri var.”

Sakin Cahanə Rəcəbova: “Uzun müddət qaynatmaq lazım deyil.Çünki onun vitaminləri,mineralları məhv olur.O da insan orqanizminə ziyandır.”

Su qaynadığı zaman onun tərkibi dəyişir. Bu zaman zərərli buxarlanan maddələr sudan çıxır və buna görə də qaynadılmış su sağlam hesab edilir. Əksər hallarda çaydanı qızmağa qoyduğumuzda onu unuduruq və çaydanda su uzun müddət qaynayır. Su bir neçə dəfə qaynadılırsa onun tərkibi dəyişə bilir.

Terapevt Ənvər Rüstəmov: “Qaynadılmış su həmin bakteriyaların itməsinə səbəb olur.100 dərəcə qızır və bunun nəticəsində həmin su bir növ diri su sayılmır.Canlı su sayılmır. Təkrar onu bişirdikdə və yaxud qaynatdıqda o çökməyə meyilli olur.Bu da böyrək daşı, öd daşı xəstəliklərinin əmələ gəlməsində dolayısı ilə iştirak edir.”

Əksər sakinlər də suyun dəfələrlə qaynadılmasının zərərli olduğunu düşünürlər.

Sakin Gülzadə Rəcəbova: “Səhər qaynadırsan günortaya qədər.Onu içmək olar.Yəni günortadan - saat 1-2 dən sonra hər halda gərək təzə su olsun.Təmiz su olsun ki,qaynadaq.Çünki o qalanda keyfiyyətini itirir axı.Dəfələrlə qaynadanda o keyfiyyətini itirir onun içindəki maddələr var.Onlar məhv olur gedir.”

Sakin Cahanə Rəcəbova: “Qaynar suyu 2-ci dəfə qaynadıb uzun müddət saxlamaq insan orqanizminə ziyandır.Mən belə başa düşürəm.Onu dərhal içmək lazımdır.Onu saxlamaq da düzgün deyil.Ona görə də az müddətdə qaynadıb içmək lazımdır.”

Sakin Ramil Təhməzov: Uşaqlı evdir. Biz yəni qoymuruq 2-ci dəfə qaynatmağa.  2-ci dəfə artıq onu atırlar, təzədən qaynadırlar.Yəni onu 2-ci dəfə məsləhət görmürəm.Qəhvədanın dibinə baxırsan çöküntüləri görmək olur.Uşaq üçün də ziyandır.”

Mütəxəssislər də qeyd edir ki, həyat mənbəyi olan suyu dəfələrlə qaynatmaq onu ölü və zərərli məhlula çevirir. Odur ki, suyu bir dəfədən artıq qaynatmamağa çalışın.

Bayram Abbasov, Vüsal Yaqubov, Rəcəb Hüseynzadə,  Lənkəran