Məişət əşyalarını sıradan çıxaran ərpi necə təmizləmək olar ?

07 2018 17:42

Suyun nə qədər həyati əhəmiyyət kəsb etdiyini yəqin ki, hər kəs bilir. Lakin su həyat üçün vacib olsa da, bir sıra xoşagəlməz hallara da səbəb olur. Bunlardan biri ərpdir. Su tərkibindən asılı olaraq ərpin əmələ gəlməsinə şərait yaradır.

         Evdar xanımlar mətbəx ləvazimatları ilə nə qədər səliqəli davransa da, qabları ərpdən azad etmək problemi ilə gec-tez rastlaşırlar.

Kimya müəllimi  İradə Abbasova:“ Suyun tərkibində codluq yaradan duzlar var. Yəni su torpaqdan keçdikdə elə bil ki,torpaqda olan duzlar suyun tərkibinə keçir. Suyu qaynatdıqda bunların bəziləri parçalanaraq həmin çaydanın  divarında olan ərpi əmələ gətirir.Suyun codluğu nə qədər çox olarsa,  ərp əmələgəlmə prosesi bir o qədər daha sürətli gedir”

Sakin Şəhla Abbasova:“ Görürsüz ki, əlimlə təmizləyirəm və  çox vaxt da təmizləyə bilmirəm.Xüsusən paltaryuyan maşınları pis günə salır.”

Sakin  Yəhya Sadıxov:“ Ziyanı yoxdur, əksinə mineralda olan toksidləri , çöküntüləri  özündə saxlayır.O əmələ gəlir ,daş kimi olur,qalır orda.Ora yapışmasa, insanın böyrəyində əmələ gəlir”

Sakin  Zibeydə Babayeva:“ Qab şampunu ilə,qabyuyan pasta ilə təmizləyirəm, gedir.”

         Son zamanlar bəzi evdar xanımlar ərp əleyhinə yuyucu tozlarla yanaşı, rəngli qazlı sulardan da istifadə etməyə başlayıblar. Bu üsul qeyri-adi görünə bilər. Lakin onların da tərkibində limon şirəsi var. Bu vasitə isə hər zaman effektiv olmaya bilir.

Sakin  Cəvahir Mikayılova:“ Qəhvədanlar tez-tez ərp bağlayır.O ərpləri də təmizləmək üçün soda və su tökürük qəhvədanın içinə, qoyuruq qaynamağa. Su qaynaya-qaynaya onun içində olan ərplər çatlayır və soyuyandan sonra tökülür.”

Sakin  Yəhya Sadıxov:“ Ərp əsasən quyu suyundan əmələ gəlir.Soda ilə çox vaxt qadınlar onu qaşıyırlar.”

Kimya müəllimi  İradə Abbasova:“ Maşınlar üçün müəyyən vasitələr var,həmin vasitələrlə təmizləmək olur.Amma ev şəraitində limon duzundan istifadə etmək olar.Amma çaydanların içini təmizləmək üçün isə sirkə turşusundan istifadə edə bilərik.”

      Ərp nəticəsində sıradan çıxan daha çox paltaryuyan maşınlardır. Bu problemin qarşısını almaq üçün ərp təmizləyici vasitələrdən savayı istifadə olunan suyun tərkibi də önəmlidir.

Usta Eldar Quliyev:“ Ərplə bağlı müraciətlər çox olur.Suda codluq çox olduğuna görə maşınlar tez sıradan çıxır.Yaxşı olar ki,maşın istismara başlanan vaxtdan ərpə qarşı xüsusi maddələr var ki,o maddələrdən müntəzəm istifadə olunsun.Krant suyu ərpin yaranma səbəblərini aradan götürə bilər.”

       Hər hansı vasitədən istifadə edərək çaydandakı ərpi təmizlədikdən sonra yenidən su ilə doldurub qaynatmaq lazımdır. Həmçinin təmiz su qaynadıqdan sonra onu boşaltmaq mütləqdir.Çünki çaydanda yuyucu vasitənin qalıqları qala bilər.

Bayram Abbasov, Vüsal Yaqubov, Rəcəb Hüseynzadə, Lənkəran.