Astaralı fermerlər: Bazarlarda kələm alınmır.

07 2018 17:42

Bu il 10 hektarlarla kələm əkən astaralı təsərrüfatçılar məhsulu sərfəli qiymətə sata bilmir. Belə davam etsə, məhsul elə sahələrdə batacaq.

Müxbir Pərvanə Əliyeva:“ Bir aydan çoxdur sahələrdə kələm yığımı dövrü başlasa da, təsərrüfatçılar məhsulu toplaya bilmir. Səbəb müştərilərin olmamasıdır. Əgər bir qədər də məhsul yığımı gecikərsə, sahələrdə kələm qalıb zay ola bilər.”

        Bir hektardan 30-40 ton məhsul əldə edən fermerlər hər hektara təxminən 1400-1500 manat pul xərclədiklərini deyirlər. Təklif olunan qiymətlər isə maya dəyərinin heç 50 faizini ödəmir.

Fermer  Rafiq Əsədullayev:“Bu il 10 hektara yaxın sahədə kələm əkini həyata keçirmişik. Qiymətlər aşağı olduğundan bizə də sərf eləmir ki, kələmi indi satışa çıxaraq. Hazırda bizdən 10-12 qəpiyə istəyirlər. Bu da  bizə sərf etmir”  

Fermer  Xanlar  Hüseynov:5  hektarda kələm əkmişik. Nəyimiz var qoymuşuq bu kələmin üstünə. Bax, qızlar işləyir, 1 qəpik pul yoxdur ki,onlara verək. Onlara borclu qalmışıq. Gərək sataq məhsulu, onlara da pul verək”
  
        Təsərrüfat sahiblərinin sözlərinə görə, qiymətlər 20-25 qəpiyə qalxarsa, onlar ziyana düşməzlər. Ümid yerli konserv zavodlarına və məhsulun Rusiya bazarlarına çıxarılmasınadır.
 

Fermer  Xanlar  Hüseynov:“Xarici bazarımız var,Rusiya. Bu kələmə indi bu saat orada tələbat var.İş adamları gəlsinlər, aparsınlar kələmi” 

Fermer  Rafiq Əsədullayev:“Rusiya bazarlarına təklif yoxdur,konserv zavodlarından isə  təkliflər var. Məhsulun keyfiyyətini təyin etmək üçün onlara analiz  göndərmişik, cavab gözləyirik. Bizə deyiblər ki,bir  həftəyə göndərərik. Əgər bizi qane etsə, müqavilə bağlasalar konserv  zavodları biz ora vermək istəyərik.”

        
Mütəxəssislər isə tövsiyə edir ki, fermerlər növbəli əkin sisteminə keçsinlər. Bir məhsulun bazarı müəyyən etmədən çox əkilməsi təbii ki, qiymətin ucuzlaşmasına və satış problemlərinə gətirib çıxarır. 

Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi  İlkin Zülfüqarov:Birinci ildən etibarən kütləvi şəkildə həmin bitkini əkməsinlər, test etsinlər. Yəni birinci il bir az əksinlər, baxıb görsünlər tələbat varmı, satışı necədir, qazanc əldə etmək olurmu? Bu yoxlanışları apardıqdan sonra əgər uğur əldə edilirsə, növbəti ildə bu sahəni genişləndirsinlər.”

      Bununla belə xarici ölkələrə məhsulların ixracı istiqamətində işlər görülür. Artıq Kənd Təsərrüfatı İdarələrindən Rusiya bazarlarına çıxara biləcəkləri məhsulla bağlı statistik rəqəmlər alınıb.

Pərvanə Əliyeva, Vüsal Yaqubov , Astara