Lerikin ucqar kəndində işləyən müəllim

07 2018 17:44

Müəllimlərin işə qəbulu üçün keçirilən imtahandan uğurla keçən üç müəllim Lerikin ucqar dağ kəndi Lərmərud tam orta məktəbinə təyinat alıb. Təqdim edəcəyimiz sujetimizin qəhrəmanı da ucqar kənddə şagirdlərə dərs deməkdən zövq alır.

            Rayon mərkəzindən 30 km ucqarda yerləşən Lerikin Lərmərud kəndinə hər nəqliyyat vasitəsi ilə getmək mümkün deyil. Sakinlər kəndə xüsusi dağ yolları üçün ixtisaslaşdırılmış maşınlarla gedib-gəlirlər. Bakıda doğulub-böyüyən Seymur İbrahimovu bura gətirən müəllimliyə olan sevgisidir.Hökumətin ucqar məktəblərdə çalışan müəllimlərə göstərdiyi qayğıdan Seymur İbrahimov da yararlanıb. Artıq 6 aydır o, bu kənddə fiziki tərbiyə fənnini tədris edir.

Müəllim  Seymur  İbrahimov:“ Kənd mühitində çətinliklər olsa da, bunun öhdəsindən gəlməyə çalışıram.Uşaqların sevgisi mənə kömək edir.Dövlət tərəfindən bizə qayğı göstərilir.160 manat kompensasiya ödənilir”

      İstər şagirdlər, istərsə də çalışdığı müəllim kollektivi gənc müəllimin peşə bacarığından razıdır.

Şagird Səfa  Məmmədov:“ Seymur müəllim gəldiyi gündən biz onun dərsində çox həvəsliyik.Biz də Seymur müəllim kimi idmançı olacağıq”

Şagird  Nazpəri  Quliyeva:“ Müəllim gələndən bizə yaxşı dərslər keçir. Biz də istəyirik ki,onları yaxşı öyrənək”

Direktor müavini  Rahim  Xanışov:“ Seymur müəllim pedaqoji  fəaliyyətə başladığı ilk gündən özünü bir pedaqoq kimi göstərə bilib.Fiziki tərbiyəyə olan məhəbbəti uşaqların qəlbində yarada bilib.Gənc müəllimlərə, hansı ki,dağ kəndlərində gəlib müəllim kimi iştirak edəcəklər, onlar heç də çəkinməsinlər”

         Lerikə gəlməzdən əvvəl Seymur İbrahimov bir müddət paytaxtda cüdo üzrə məşqçi işləyib.

Müəllim  Seymur  İbrahimov:“ Mən təmənnasız məktəbdə əlavə olaraq cüdo dərsləri də tədris edirəm.Lərmərud kəndinin uşaqları çalışıram ki, fiziki cəhətdən güclənsinlər.Cüdo Federasiyasının diqqət və qayğısı bizə daha da artırılarsa, bu kənddə gördüyünüz uşaqlar gələcəkdə respublika çempionatlarında, beynəlxalq turnirlərdə öz sözlərini deyəcəklər”

            İşindən zövq alan Seymur İbrahimov deyir ki, gələcəyimiz olan uşaqları bilikli, vətənpərvər yetişdirmək hər bir müəllimin borcudur. Bu peşəni seçən hər kəs əlindən gələni etməlidir ki, müəllim adına layiq olsun.

Eyyub Məmmədov, Elviz Nəsirli, Lerik.