Cənub bölgəsinin su problemi həll edilir.

08 2018 18:32

        Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən içməli suyun keyfiyyətini və dayanıqlığını təmin etmək məqsədi ilə Masallıda yeni sutəmizləyici qurğu inşa edilib. Layihəyə əsasən gün ərzində 24 min kubmetr su təmizləmək gücündə olan Masallı Sukanal İdarəsi eyni zamanda Cəlilabad əhalisinin də  içməli suya olan tələbatını ödəyəcək.

       Rayon sakini Azad Tağıyev:“Ərkivanda artezian quyulardan  motorlar vasitəsi ilə Masallıya su verilirdi.Biz də o sudan istifadə edirdik.”

       Rayon sakini Xalid  Əliyev:“Çətinlik  də olurdu, suyu alırdıq, gətirirdik hovuzlara doldururduq”

     Artıq bu problemlər arxada qalıb. Ötən il Masallıda istifadəyə verilən yeni sutəmizləyici qurğu sayəsində "Viləşçay" dəryaçasından götürülən su xüsusi laboratoriyada analiz edilib təmizləndikdən sonra əhaliyə verilir. 

     Qurğu rəisi  Mətləb Əliyev:“ Bu qurğu lilliyin səviyyəsindən asılı olmayaraq, 500 milliqram litrə qədər bulanıqlığı olan suyu təmizləyə bilir.Əlbəttə ki,belə suların təmizlənməsi dünya praktikasında nadir hallarda olur.Bu qurğu tam dünya standartlarına uyğun olaraq, içməli suyu istənilən variantda təmizləyə bilir”

    Ötən il Sığdaş ərazi vahidliyinə daxil olan Babaküçə kəndinə içməli suyun çəkilişi başa çatıb. Ərazidə 1500 metr uzunluqda müxtəlif diametrli turbalarla 8 məntəqədə bulaqlar qurularaq sakinlərin istifadəsinə verilib.

    Rayon sakini Azad Tağıyev:Təzə içməli su xətti çəkilib yuxarıda Viləş stroydan.O qurğulardan təmizlənilir keçir

   Rayon sakini Xalid  Əliyev:“ İndi vəziyyət yaxşıdır,çox gözəldir, qapıya kimi su gəlir

   Yeni layihə təkcə Masallı rayonu üçün nəzərdə tutulmayıb. İşlər tam yekunlaşandan sonra Cəlilabad rayonunun bir neçə yaşayış məntəqəsində əhalinin içməli suya olan tələbatını ödəmək mümkün olacaq.

    Qurğu rəisi  Mətləb Əliyev:“ Hazırda Cəlilabad rayonunda məhəllədaxili və küçə xətlərinin montajı qurtarıb  .Onlar hazırda turbaların xlor vasitəsi ilə yuyulma prosesindədir.Onlara lazım olan tələbatı biz ödəyə bilirik.”

   Hazırda ərazidə yeni su xətlərinin çəkilişi və sayğacların qurulması davam edir. Yaradılan bu imkanlar hesabına rayonda abonentlərin sayı 9000-ə çatdırılıb.

   Aytən Sakitqızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Masallı