Yol-Patrul Xidməti Alayının 10-cu tağımı sürücü və piyadaları maarifləndirdi.

08 2018 18:37

     Yol hərəkəti qaydalarının həm sürücülər, həm də piyadalar tərəfindən pozulması sonda qəzalarla nəticələnir. Ailə faciəsi yaşanmasın deyə, yol-nəqliyyat hadisələrini minimuma endirmək məqsədi ilə YPX-i tərəfindən əhali arasında maarifləndirmə işləri aparılır.

    Son illər dövlət əhəmiyyətli, xüsusi ilə Ələt-Astara magistral yolunda nəqliyyat vasitələrinin intensivliyi daha da artıb. Belə olan halda həm sürücülər, həm də piyadalar bir qədər məsuliyyətli və ehtiyatlı olmalıdır. Təəssüf ki, YPX-i əməkdaşları tərəfindən profilaktik tədbirlər görülməsinə baxmayaraq qəza hadisələri qaçılmaz olaraq qalır. Yol hərəkəti qaydalarına riayət olunması, hərəkət edən piyadaların nişanlardan və piyada xətləri haqqında məlumatlı olmalarından ötrü, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımı Salyanda tədbir keçirib.Sarvan kəndində yerli icra və bələdiyyə nümayəndələri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri qarşısında çıxış edən 10-cu tağımın komandiri, polis mayoru Qulu Quluyev xidməti ərazilərində baş vermiş yol qəzaları barədə məlumat verdi. Bildirdi ki, ötən il xidməti ərazidə 14 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən 8 yol qəzası baş verib. Bunlardan 3-ü piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsidir.

     10-cu tağımın komandiri Qulu Quluyev:“ Piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələri işıqlandırılmayan yol sahələrində və piyadaçıların günün qaranlıq vaxtı hərəkət etmələri və nəticədə də sürücülərin ehtiyatsızlığı və yollarda qaydaları kobud şəkildə pozması nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir.”

   Qəzaların əsas səbəbi sürət həddinin aşılması, piyadaların, sərnişin avtobuslarının və taksi sürücülərinin yol hərəkəti qaydalarını pozmasıdır. Eyni zamanda, mal-qaranın nəzarətsiz buraxılması, asfalt-beton örtüklü yollarda mal-qaranın müəyyən olunmamış yerlərdən keçirilməsi də qəzalara səbəb olur.

     Kənd sakini  İnqilab Abdullayev:“ Bizim ərazi heyvandarlıqla məşğul olduğuna görə, asfaltdan necə keçirmək lazımdır, izah etdi, maarifləndirdi”

     Kənd sakini Cahangir  Qaraşov:“ Yol polisinin əhali ilə görüşü və onların maarifləndirilməsi  hər birimizin xeyrinə olan işdir.”

     Qəzaların minimuma endirilməsi üçün istər sürücülər, istərsə də piyadalar yol hərəkəti qaydalarına düzgün əməl etməli, hərəkətdə ikən daha ehtiyatlı və məsuliyyətli olmalıdırlar.İctimaiyyət nümayəndələrinin  də köməyi ilə  yol-nəqliyyat hadisələrini minimuma endirmək mümkün olar.

    Eyyub Məmmədov, Vüqar Məlikov, Salyan.