Cənub bölgəsində yaşı yüzü ötən ağaclar pasportlaşdırılıb

09 2018 17:21

Cənub bölgəsində yaşı yüzü ötən yüzlərlə ağac pasportlaşdırılıb. Bölgədəki  ən qocaman ağacın yaşı 1000 ildən çoxdur. Təbiət abidəsi statusu verilən bu ağaclar necə müəyyən edilir, necə qorunur? Mövzunu əməkdaşımız Pərvanə  Əliyeva araşdırıb. 

                  Cənub bölgəsində ən çox qorunan ağaclar qaraçöhrə, azat, palıd, xüsusilə də şərq çinarlarıdır. 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən verilən məlumata görə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonları üzrə 240 ədəd ağac, 3 meşəlik pasportlaşdırılıb. Sənəddə ağacların yaşı, cinsi, diametri, az sayda  olması və  digər  önəm kəsb edən məlumatlar yer alır.

1 saylı ərazi üzrə ETSŞ- nin əməkdaşı Afiq  Məlikov :“ Bundan başqa şümşad, fıstıq,qaraçöhrə meşəliyi tərəfimizdən  pasportlaşdırılıb və qorunur.Təbiət abidəsi hansısa müəssisənin ərazisindədirsə, müqavilə bağlanır,mühafizəsi həmin təşkilata həvalə olunur”

                Pasportlaşdırılan ağacların içərisində yaşı min ili ötən ağaclar da var. Yardımlı rayonunun  Ökü kəndində olan 1235  yaşlı şərq çinarı kimi. Mütəxəssislər ağacların yaşının genetik yaddaşı ilə bağlı olduğunu deyir. Amma təbii amillər və insan faktoru da buna təsirsiz ötüşmür.

Bioloq  Məmmədhüseyn Hüseynov:“Qaraçöhrə 3 min ilə kimi yaşaya bilir. Amma ekoloji şərait ona imkan vermirsə, o ömrünü başa vura bilməz. 100-150 il yaşayan ağac bitkiləri var. Onu biz tam normal ekoloji şəraitdə yetişdirsək, qayğı ilə əhatə etsək , 150 illik genetik yaddaşını 200-250  il edə bilmərik”

              Bölgədə sonuncu dəfə ağacların pasportlaşdırılması 2004-cü ildə həyata keçirilib. Yerli sakinlər uzunömürlü ağacların daha çox olduğunu, hər birinin qeydiyyata alınıb qorunmasını istəyir.

Sakin Əlibaba  Şahbazov:“ Mənim yaşadığım Veravul kəndində elə ağaclar  var ki, o vaxt əkilib.Palıd ağacları var ki,bu ağaclara baxanda adamın papağı başından düşür. Gövdəsi hardasa 6-7 metrə .O  ağaclar qorunmalıdır.”

Sakin Şahrza  Şəfəqqətov:“ Yuxarı Nüvədi kəndində olan palıd ağacının yaşı haqqında heç kəs tam dəqiq məlumat verə bilmir. Yaxşı olar ki, ekoloqlar bu ağacın yaşını təyin etsinlər və pasportlaşdırılsın. Bura gələn hər kəs bilsin ki, bu ağacın yaşı nə qədərdir”

1 saylı ərazi üzrə ETSŞ- nin əməkdaşı Afiq Məlikov :“Əgər müraciət olarsa bizə yeni ağaclar, yeni pasportlarla bağlı , onda təbii ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  mütəxəssisləri  o ağaca baxış keçirməlidir. Sənədlərin  təsdiqi  üçün  Nazirlər Kabinetinə  göndərilməlidir. Əgər təbiət abidəsi  kimi təsdiqini  taparsa, onda həmin ağac  təbiət abidəsi statusunu alacaq və qorunacaq”

                 Çəkiliş apararkən pasportlaşdırılan bəzi ağacların üzərində lövhəyə rast gəlmədik, olanların da üzərindəki yazılar oxunmurdu. 1 saylı ETSŞ -dən bildirildi ki, yaxın vaxtlarda  yeni lövhələr hazırlanacaq. 

Pərvanə Əliyeva, Elviz Nəsirli , Lənkəran