Lənkəran 2017-ci ilin hesabatını verdi

09 2018 17:29

 Lənkəranda 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və  Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub.

         Yığıncaqda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov geniş hesabat məruzəsi ilə çıxış edib. İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı nəticəsində 2017-ci ildə Lənkəranın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində inkişaf davam etmiş, genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilmiş, irihəcmli investisiya layihələri icra edilərək və yeni layihələrin icrasına başlanılıb.Taleh Qaraşov xüsusilə qeyd edib ki, 2017-ci ilin unudulmaz hadisəsi sentyabrın 2 və 3-də Prezident İlham Əliyevin Lənkəran şəhərinə növbəti səfəri olub. Səfər çərçivəsində dövlət başçısı “Yaşıl çay” fermer təsərrüfatının plantasiyaları, sitrus bağları, çəltik sahələrinə baxmış, yeni tikilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. İstehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda təşviqi barədə ölkə başçısının fərmanına əsasən rayonda lazımi tədbirlər davam etdirilir. Bu məqsədlə rayonun 17 istehsal müəssisəsinin “Azexport.az” saytına 97 çeşiddə məhsulu yerləşdirilib.  Hesabat ilində rayonda 73 972 ton tərəvəz, 4872 ton kartof, 3851 ton taxıl, 17 877 ton meyvə istehsal edilib. Ötən il rayonda ümumilikdə 3055 yeni iş yeri açılıb ki, onlardan da 2500-ü daimi iş yerləridir. 2017-ci il ərzində ümumilikdə 64 çoxmənzilli yaşayış binasında təmir işləri görülmüş, hazırda 13 binada bərpa-gücləndirmə və təmir işləri aparılır. İcra başçısı 2018-ci ildə rayonda görüləcək işlərdən də danışıb. Bu il Lənkəranda turizm infrastrukturunun genişləndirilməsində əhəmiyyəti olacaq Olimpiya İdman Kompleksi, Lənkəran İstisu və Sağlamlıq Mərkəzi istifadəyə veriləcək, eləcə də bir sıra mühüm yol layihələri icra ediləcək. Rayonun turizm marşrutlarına daxil edilmiş 54 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik  Hirkan-Daşdatük-Biləsər yolu əsaslı şəkildə yenidən qurulacaq, eyni zamanda 1-ci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun qalan hissəsinin tikintisi başa çatdırılacaq.

Eyyub Məmmədov,Elnur Ələkbərov, Eldəniz Qurbanov, Lənkəran