Ölkə başçısının sərəncamı çəltik əkən fermerləri ruhlandırdı

12 2018 17:50

Azərbaycanda çəltikçiliyin inkişafı ilə bağlı bir sıra institusional tədbirlərin görülməsi nəzərdə tutulur. Bu Prezident İlham Əliyevin təsdiqlədiyi “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında öz əksini tapıb. Yeni sərəncam bir çox bölgələr kimi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradacaq.

Hazırda çəltik ölkəmizin 11 rayonunda, o cümlədən Lənkəranda da yetişdirilir. Son illər respublikamızda yerli düyüyə tələbatın artması, eləcə də dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin Lənkəranda yenidən dirçəlməsinə səbəb olmuşdu. Bu sahə ilə bağlı növbəti sevindirici xəbər fevral ayının 9-da ölkə başçısının imzaladığı sərəncam oldu. 7 ili əhatə edən çəltikçiliyin inkişafına dair dövlət proqramının qəbulu bu sahənin inkişafına diqqət göstərən lənkəranlı fermerləri də ruhlandırdı.

Aqronom  Fərman Abdullayev:  “2017 -ci ildə 526 hektar ərazidə çəltik sahəmiz var idi. Bu il artıq ilk hədəf olaraq min hektarı keçməliyik. Bu işlərə start verilib,yeni sahələr artıq müəyyən olunub.”

Fərman Abdullayev sərəncamda da qeyd olunduğu kimi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi məqsədilə xarici ölkələrlə təcrübə mübadiləsinə başladıqlarını bildirdi. Yerli fermerlər çəltik əkini və yığımı, həmçinin becərmə və gübrə səpmək üçün Yaponiya və Cənubi Koreyadan yeni texnikalar gətiriblər. 

Aqronom  Fərman Abdullayev:  “Burada maddi və eləcə də texniki bazanın gücləndirilməsi, çəltikçiliyin müasir qaydada yeni texnologiya ilə inkişaf etdirilməsindən ötrü respublikaya gətirilməsi, fermerlərin istifadəsinə verilməsi məhsuldarlığın artmasına, çəltik sahələrinin genişlənməsinə təkan verəcək.”

   Təsadüfi deyil ki, cəmi 4 ildir çəltik əkən fermer Cövdət Quliyev bu sahədə əldə etdiyi uğurlara görə ötən ilin sonu ölkə başçısı tərəfindən  ikinci dərəcəli əmək ordeni ilə təltif olunub. O, çəltikçilik sahəsi üzrə əmək ordeni alan ilk lənkəranlıdır. Dövlət Proqramının qəbulu onu da bir fermer kimi çox sevindirib.  


Fermer  Cövdət Quliyev: “Keçən il 35 hektar ərazidə əkin aparmışdıq.Cənab prezidentimizin dəstəyi ilə biz istəyirik ki, bu il 150 hektara çatdıraq.Artıq şumlama işlərinə başlanılıb.”


Daxili bazarda “Lənkəran düyüsü” adı ilə tanınan ekoloji cəhətdən təmiz, dadına görə fərqlənən düyünün  "Made in Azerbaijan” brendi adı altında dünyaya satılması istiqamətində də işlər davam etdirilir. 2018-2025-ci illər Dövlət Proqramının qəbulu ölkəmizdə bu 7 il ərzində düyünün həm qiymətinə, həm də məhsuldarlığına, eləcə də keyfiyyətinə təsirsiz ötüşməyəcək.