Salyanda istixana şəraitində əkinə maraq artıb

12 2018 17:56

             Son illər Salyan rayonunda istixana şəraitində xiyar-pomidor əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı münbit şəraitdən yararlanan salyanlı fermerlər bu il xarici bazarlara min tonlarla pomidor məhsulu çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.

          Salyanlı fermerlər ötən ilin dekabrından istixanalarda yetişdirdikləri pomidorun yığımına başlayıblar.Artıq bir neçə gündür ki, rayonun Kürsəngi kəndi ərazisində fəaliyyət göstərən 5 hektarlıq istixana kompleksində pomidor yığımı davam edir.Yığılan pomidorun əksər hissəsi xarici bazarlara çıxarılır. Qiyməti də təsərrüfat sahiblərini qane edir.

Sahibkar Elman Kərimli: “Dekabr ayından bu tərəfə biz məhsul yığımına başlamışıq. 120 tondan artıq məhsul əldə eləmişik bu günə qədər. Məhsulun əlbəttə böyük hissəsi Rusiya bazarlarına ixrac olunur.”

         Fermerlər deyir ki, Salyanda istixana şəraitində yetişdirilən pomidor məhsulları həm dadı-tamı, həm də tez yetişməsinə görə digərlərindən fərqlənir.

Sahibkar İslam İbrahimov: “Salyan rayonunda, Aran yerində istixanaların iqliminə görə bitkini yaxşı inkişaf etdirmək olur. Yəni Aran yeri olduğuna görə, həm torpağa istilik tez düşür, günəşli olur. Yüksək dərəcədə effekt almaq olur bitkidən. Məhsuldarlığı da yüksək olur”

        Salyanda 131 hektar sahədə 538 istixana fəaliyyət göstərir. Hazırda 10 hektar sahədə də yeni istixanalar salınır. 2017-ci ildə istixana şəraitində yetişdirilən məhsulların hesabına ölkəmizə 40 milyon manatdan çox gəlir gəlib.