Salyanın Kürsəngi kəndinə təbii qaz verildi

05 2018 17:58

          Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində respublika ərazisində qaz təchizatı sistemi yenidən qurulur, kənd və qəsəbələr qazlaşdırılır, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələri yenidən “mavi yanacaq”la təmin edilir. Bu məqsədlə Salyanın Kürsəngi kəndinə 20 ildən sonra təbii qaz verilib.

          Salyan rayonunun mərkəzindən 30 kilometr aralıda yerləşən Kürsəngi kəndin sakinləri uzun illərdir təbii qazdan istifadə edə bilmirdilər. Xüsusilə payız-qış fəslində evlərini isitmək üçün odun sobalarından, elekrik enerjisindən istifadə etmək məcburiyyətində qalırdılar. Artıq bu problem öz həllini tapıb. 940 abonenti olan Kürsəngi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Bununla paralel olaraq hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 20 ildən sonra kənddə bütün evlər “mavi yanacaq”la təmin edilib.

Kənd sakini  Şəfiqə Məhərrəmova:“Biz qaz sarıdan əziyyət çəkirdik.İndi artıq qazımız verilib.Təşəkkürümüzü bildiririk bütün qadınlar adından.Çox sağol deyirik.”

Kənd sakini  Hüseyn Səmədov: “Odun satılırdı alırdıq.Gedib çöllərdən yığırdılar.Bir gün olurdu bir gün olmurdu. Mavi qaz ümumiyyətlə həyat deməkdir.Mən öz adımdan ziyalılar adından, Kürsəngi kəndi adından Prezidentimizə təşəkkür edirəm.”

          Rayon İcra Hakimiyyəti, “Azəriqaz” istehsalat birliyinin rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rəmzi məşəl alovlandırılıb. Bununla da Salyanın 51 yaşayış məntəqəsindən 44-ü qazlaşdırılaraq əhali "mavi yanacaq"la təmin olunub. Bu günlərdə isə rayonun Peyk və Düzənlik kəndlərində qazlaşdırma işlərinə başlanılacaq.