Bu il Lənkərana ilk dəfə barama gətiriləcək

13 2018 17:49

2017-ci ilin noyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra ölkədə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətində dövlət proqramı təsdiq olunub. Bu məqsədlə sovetlər dönəmində Lənkəranda olmuş baramaçılıq yenidən bərpa edilir. Artıq bu ilin əvvəlindən ilk dəfə rayona gətiriləcək barama qurdlarını əldə etmək üçün kümçülər rayon kənd təsərrüfatı idarəsində qeydiyyata alınır.


Lənkərana aprel ayının sonlarında Qax Damazlıq Təsərrüfatından barama qurdlarının gətirilməsi nəzərdə tutulub. Bunun üçün rayonda kifayət qədər yem bazası var. Çindən gətirilmiş 49 min tut tinglərinin hesabına intensiv tut bağları salınıb. Hazırda barama saxlamaq gücündə olan kümçülərlə kənd təsərrüfatı idarəsi tərəfindən danışıqlar aparılır.


"Yaşıl Çay" Fermer Təsərrüfatının əməkdaşı  Sərraf Talıbov: “Barama istehsal etmək fikrindəyik. Müasir bir kümxananın tikintisinə keçən ildən başlanılmışdır. 495 kv metr yer təşkil edir. Qərara almışıq ki, ilkin olaraq  2018-ci ildə 500 kq yüksək keyfiyyətli barama istehsal edək.”


Kümçü  Elyar Cəfərov: “Hal-hazırda mənim 500 kv metr bağlı şəraitdə olan yerim var barama saxlamaq üçün. 1400 tut çilingi əkmişəm. Bunları nəzərə alaraq barama saxlamaq həvəsinə düşdüm. 10 qutuya qədər götürmək fikrim var. 10 qutunun da məhsuldarlığı təqribən 500 kq edir.”


Artıq rayonda baramaçılıqla bağlı ilkin hədəflər də müəyyənləşib. Kümçülər tərəfindən özlərinə məxsus sahələrdə barama saxlamaq üçün yerlər hazırlanıb. Bu məqsədlə onlara dünya təcrübəsini öyrətmək üçün idarə tərəfindən təlimlər keçirilir, videoçarxlar nümayiş etdirilir.


Lənkəran Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi   Tofiq Rzayev: “14 kümçü barama saxlamaq istədiyi barədə müraciət etmişdir. Hədəfimiz 3 ton barama istehsalıdır. Yenə də biz çağırış edirik. Şəraiti olan və yaxud barama saxlamağa həvəsi olanlar gəlib qeydiyyatdan keçsinlər.”


Kümçülər istehsal etdikləri baramanın hər kiloqramına görə dövlət tərəfindən 5 manat subsidiya alacaqlar. Hazır baramanı zavoda təqdim etdikdə əlavə olaraq onlara 4 manat da vəsait ödəniləcək. Beləliklə kümçülərə saxladıqları baramanın hər kiloqramına görə 9 manat vəsait veriləcək.


Lənkəran Rayon Kənd Təsərrüfatı İdarəsinin  rəisi  Tofiq Rzayev: “3 ton barama istehsalı üçün bizə 60 qutu , yəni 1 kilo 200 qram qurdun gətirilməsi nəzərdə tutulub.”


Baramaçılıqda məhsul dövrü bir aya başa gəldiyi üçün bu sahə rentabelli sayılır. Tədarük olunan baramanı isə kümçülər rahat şəkildə Şəki İpək ASC – yə təhvil verə biləcəklər.