Masallı Sənaye Məhəlləsində sahibkarlar məlumatlandırılıb

13 2018 18:11

Bu gün Masallıda Sənaye Məhəlləsinin üstünlükləri, istehsal və emal sahələrinin təşkili ilə bağlı yaradılacaq imkanlar barədə sahibkarlara məlumatlar verilib. Tədbirdə təklif edilən layihələrlə bağlı müzakirələr aparılıb.

 İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi nailiyyətlərdən, iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin mühüm əhəmiyyətindən danışılıb. Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılan istehsal, emal və xidmət sahələri barədə məlumat verilib. Bildirilib ki, artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Sənaye Məhəlləsində ilkin olaraq 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq.

İqtisadiyyat nazirinin müavini   Niyazi Səfərov: “Azərbaycanın bütün regionlarında sənaye zonalarının, sənaye məhəllələrinin və parkların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə zəruri olan araşdırmalar, dəyərləndirmələr həyata keçirilir. Sabirabad rayonunda da sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda Hacıqabulda sənaye məhəlləsinin yaradılması barədə layihələndirmə və digər təşkilati işlər həyata keçirilməkdədir.”

Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, Hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 m²-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Burada sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və digər xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur.