Telefon batareyalarının partlamaması üçün nələrə diqqət edilməlidir?

13 2018 18:14

  Dövrümüzdə sağ əlimiz sayılan "ağıllı" telefonlar bəzən bizi problemlərlə üz-üzə qoyur. Bunlardan biri də telefon batareyalarının şişməsidir. İlk baxışdan adi görünən bu hal bir çox fəsadlara yol aça bilər. Əməkdaşımız Pərvanə Əliyeva mövzuya diqqət çəkib.

Sakin  Fərrux Əliyev: “Bundan qabaqkı telefonda var idi batareya şişmələri.Enerji çox az saxlayardı. İki dəfə olub məndə belə hal dəyişmişəm.” 

 Sakin  Cəmil Əlizadə: “Olub elə şey dəyişmişəm, problem yaranmasın deyə.”

Son illər mobil telefonların hər gün funksiyalarının daha da çoxalması enerjisinin tez bitməsinə gətirib çıxarır. Nəticədə telefonu gah şəbəkəyə qoşulu halda işlədirik, gah da gecədən səhərədək yükləmə vəziyyətində saxlayırıq. Bu zaman batareyaların şişməsi, ən təhlükəlisi isə partlama və yanğınların baş verməsi riski artır.


 Sakin  Zamiq Səfərov: “Mən gecə qoyuram, səhər götürürəm. Məndə bu dəqiqə telefonda şişib. Amma işlədirəm.”  


Sakin  Heydər Sadiqov: “Partlama ehtimalı da olur. Şahidi olmuşam. Məndə olub dəyişmişəm başqa batareya ilə.”


Müxbir Pərvanə Əliyeva: “Şişən batareyaları telefona zorla keçirmək olmaz. Çünki telefonun üst şüşəsi sına bilər. Eyni zamanda arxa tərəfdən qapağı da zərər görə bilər.”


 Telefon təmirçiləri deyir ki, onlara hər gün batareya şişməsi ilə bağlı müraciətlər olunur. Bu zaman ustalar müştərilərə çıxış yolu kimi  qurğunu dəyişməyi məsləhət görürlər. Batareyanı təmir etmək məqsədilə qurdalamaq, iti alətlə müdaxilə etmək partlayışla nəticələnə bilər.


 Mobil telefon ustası  Mirmehman Miriyev: “Çünki içindəki kimyəvi maddə ziyandır.Partlayış da baş verə bilər. Məsləhət deyil deşilsin.Orijinala üstünlük vermək lazımdır. Çünki həm batareyanın ömrü uzundur, həm də enerji saxlamaq qabiliyyəti  daha çoxdur.”

        Bundan əlavə, batareyanı dəyişərkən əvvəlkinin saxlama gücünə uyğun yenisini almaq məqsədə uyğundur. Əks halda, batareyanın şişməsi ehtimalı artmaqla bərabər, enerji saxlama qabiliyyəti də azalır.


 Mobil telefon ustası Mirmehman Miriyev: “Bu əlimdə olan 2100 m amperdir. Bu batareya xarab olub şişdisə, bunu dəyişəndə telefon nə qədər işlədirsə mütləq o amperi tapıb qoymaq lazımdır.Misal üçün, olur ki, hər hansı telefon batareyası digərinə gedir. Yəni onu ora qoysaq işlədəcək. Amma amperlər düzgün deyil.Əks təqdirdə batareya şişə bilər.Həmçinin enerji az saxlayar.”


 Telefon və batareyaların ömrünə təsir edən digər bir vacib məsələ enerji dolduran alətlərin keyfiyyəti ilə bağlıdır. İki, maksimum üç saatdan çox elektrikdə qalarsa, batareyaya və telefona, hətta insanın özünə də ziyan dəyə bilər. Telefonu söndürüb enerjiyə qoymaq daha təhlükəsiz hesab olunur.