Bu il sitrus bağlarında məhsuldarlığın aşağı olacağı gözlənilir

16 2017 17:38


Bu il sitrus bağlarında məhsuldarlıq aşağı ola bilər. Ağacların yarpaqlarında yayılan xəstəliklər bitkiləri məhv etməmək üçün fermerlər qabaqlayıcı tədbirlərə başlayıblar. Təsərrüfat sahibləri xəstəliklərin qarşısını almaq üçün sitrus bağlarında dərmanlama işləri aparır. 


Tez-tez yağan yağışlar havada rütubətin çoxalmasına səbəb olur. Bu isə sitrus bağlarında xüsusilə naringi, portağal, limon yarpaqlarında və yeni pöhrələrdə müxtəlif zərərvericilərin artmasına gətirib çıxarır.


Fermer Elşad Höccətov: “Minalayıcılara, yarpaq yastıcalarına, güvələrə bir də pas xəstəliyinə..bu xəstəliklərə görə bir neçə dərmandan eyni vaxtda istifadə etməklə müxtəlif sitrus növləri üzrə müxtəlif dozalarda dərmanlama işləri aparırıq.”


Bu xəstəliklərə qarşı vaxtında tədbir görülmədikdə həm bitki həm də ağacın üzərindəki meyvələr zərər görür. Zərərvericilərə qarşı görülən tədbirlər eyni zamanda məhsuldarlığın çox olmasına şərait yaradır.


 Fermer Elşad Höccətov: “Bu artıq payızda bol və keyfiyyətli məhsulun əsası deməkdir. Həm də ki, bildiyimiz kimi bağlarımız sağlam olur, ağaclarda yanma hadisələri, yarpaqların bükülməsi və digər xəstəlikləri aradan qaldırdığımız üçün növbəti ilə bol məhsuldarlığın əsasını qoymuş oluruq.”


 Dərmanlama işləri iyun-iyul aylarında daha intensiv şəkildə davam etdirilir. Zərərvericilərin sürfələri pərdə altında olduğundan onları məhv etmək üçün səpilən dərmanın keyfiyyətli olması da şərtdir. Qeyd edək ki, sitrus bağlarında son dərmanlama işi meyvələrin yetişməsinə 40 gün qalmış başa çatacaq.