Lənkəranda xəstəxanada ilan zəhəri əleyhinə 4 zərdab var

17 2017 17:25

Havalar istiləşdikcə bölgələrdə ilan və digər zəhərli həşaratların sancması faktları çoxalır. Son 20 gün ərzində Naxçıvanda 6, Şəmkirdə 3, Goranboyda 2, Tovuzda 1 ilan sancma faktlarının qeydə alınması xəstəxanalarda zərdab ehtiyatı məsələsini gündəmə gətirib.


Bu il Lənkəranda iki ilansancma faktı qeydə alınıb. Hər iki hadisədə xəstələrə yardım göstərilərək onların həyatını xilas etmək mümkün olub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından ARB-yə verilən məlumata görə lazımi vaksinlərlə bağlı səhiyyə ocağının ehtiyatı var.


Həkim bildirdi ki, təsərrüfatçılar əkin-biçin işlərini apararkən əsasən uzunboğaz çəkmələrdən və rezin əlcəklərdən istifadə etməlidirlər. Çünki həmin qoruyucu vasitələr insanın əynində olanda ilan onu sancsa da, zəhərini həmin rezin çəkməyə tökür. İnsan həyatı üçün heç bir təhlükə yaranmır. Sakinlər bəzən ilansancan nahiyəni bağlayır, bəzən isə kəsərək zəhərin təmizlənməsinə çalışırlar. Bu kimi işlərin görülməsi zərərçəkmişin halının daha da pisləşməsinə səbəb ola bilər.


 Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilan zəhəri əleyhinə 4 zərdab var. Düzdür bu o qədər də böyük rəqəm deyil. Həkim tələbat yarandığı təqdirdə, xəstəxananın əlavə vaksinlərlə təmin olunacağını bildirdi. 


 Qeyd edək ki, çətin tapılan və baha satılan bu dərmanı xəstəxana öz hesabına alır. Zərdab vurulmasına görə əhalidən heç bir vəsait tələb olunmur və pulsuz xidmət göstərilir.