Biləsuvarda yanğın zamanı 7 yaşlı uşaq öldü

17 2017 17:28

Biləsuvarda baş verən yanğın zamanı ikisi azyaşlı olmaqla 3 nəfər yanıq xəsarətləri alıb. Uşaqlardan biri xəstəxanada dünyasını dəyişib. Yanğın hadisəsi ötən gün axşam saatlarında Biləsuvar şəhəri Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Şəhər sakini Natiq Aslanova məxsus birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi anidən yanmağa başlayıb. Hadisə zamanı ana və iki azyaşlı övladı evdə yatmış halda olub. Evin tüstüləndiyini hiss edən ana 4 yaşlı körpəsini qucağına götürərək pəncərədən bayıra çıxa bilib. Lakin 7 yaşlı Ümid Aslanlı yanğın zamanı özünü itirərək çarpayının altına girib və çoxsaylı yanıq xəsarətləri alıb. Hadisə yerinə gələn Biləsuvar yanğından mühafizə hissəsinin yanğısöndürənləri yanğını söndürüblər. Ailə üzvləri yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Ümid Aslanlı dünyasını dəyişib. Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.