Yardımlının üç kəndində yolsuzduq səbəbindən taxıl biçini gecikir

14 2017 17:34

        Pay torpağı boş qalmasın deyə, əkinə başlayan Yardımlının 3 kəndinin sakinləri taxılı sahələrdən yığmağa kombayn tapmır. Təsərrüfatçılar məhsulun zay olacağından narahatdır. Aidiyyəti qurumlar isə deyir ki, kombayn var, amma relyef çətin olduğundan sahəyə çıxmır.

 

Yardımlının rayon mərkəzindən təxminən 22-25 kilometr məsafədə yerləşən Şıxlar, Gücavar, Honoba kənd sakinləri 22 ildən sonra ilk dəfə 100 hektara yaxın sahədə taxıl əkiblər. Lakin hələ də sahələrdən məhsulu yığmaq mümkün olmayıb. Texnika ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələlik müsbət cavab ala bilməyiblər. Məhsulun tamamilə zay olması isə an məsələsidir.  

 

Fermer Ramil Rəsulov: “Məhsuldarlıq boldur. Hərəsinin 2 ha, 3 ha, 1ha sahəsi var. 1 həftə qabaq yağış oldu 30%məhsul düşdü aşağı, 1 dəfə də yağış yağsa məhsul zay olub gedəcək tamam.”

 

Fermer Əlirza Fərzullayev: “1 hektara götürəcəkdik 3-4 ton məhsul. İndi götürəcəyik 1 ton. Kimə müraciət edirik deyir bu gün sabah...artıq 1 ay olub.”

 

Sakinlərin sözlərinə görə, onlara pay torpaqlarının mütləq əkilməli olduğu ilə bağlı xəbərdarlıq edilib. Onlar da iyirmi ildən artıqdır əkilməyən pay torpaqlarını, eləcə də icarəyə götürdükləri torpaq sahələrini becəriblər. 

Fermer Ramiz İmanov: “Bizə gəlib deyiblər ki, torpağı əkməlisiz. Əkməsəniz əlinizdən alacağıqtorpağı.Biz də əkdik amma indi biçin vaxtı kombayn yoxdu. Kimi əllə biçib o da yığıb kənara. Döyməyə kombayn lazımdı.”

 

Məsələ ilə bağlı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin Masallı-Yardımlı bölməsinin sədri Adil Həsənov bildirdi ki, bu il Yardımlı rayonunda ümumilikdə 3549 hektar sahədə taxıl əkilib. Bu günə qədər sahələrin 60 faizində biçin aparılıb. Lakin sözügedən ərazi mürəkkəb relyefə malik olduğundan ora texnika cəlb etmək çətindir. 

"Aqrolizinq" ASC-nin Masallı-Yardımlı bölməsinin sədri: “Sabirabaddan kombayn gətirdik. Sürən deyir qardaş qorxuram. Təcrübəli mexanizator aparlmalıyam ora ki, elə yerdə işləyə bilsin. Tək o kənd deyil başqa kəndlərdə də var. Əkilibsə lap 50 sot olsun biz mütləq onu yığacağıq.”

 

Qurumdan o da bildirildi ki, bu il Yardımlının taxıl sahələrinə cəlb olunan 24 kombayndan 20-si qonşu rayonlardan gətirilib.