Çindən gətirilən tut tingləri Cəlilabadda da əkildi

13 2017 17:04

  Dövlət başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Artıq bu məqsədlə bölgələrdə tut bağlarının salınmasına başlanıb. Baramaçılığın inkişaf etdirilməsi üçün Çindən gətirilən yeni tut sortlarından Cəlilabad rayonunda da əkilib.

 

Ötən mövsüm 380 qram ipək qurdu bəsləyən Cəlilabad sakinləri qurdların yetişdirilməsi üçün rayonda mövcud olan tut bağlarından istifadə ediblər. Hazırda rayonda bir hektar ərazidə yeni salınan tut bağında 10 min ədəd Çindən gətirilən tut sortları əkilib. Bu tut sortlarının əsas özəlliyi isə yemçilik üçün əlverişli olmasıdır. Çox da hündür olmayan tut ağacının yarpağından ikinci il artıq yem üçün istifadə edilir. Ağacın yarpaqları ənənəvi tut yarpaqlarından iki dəfə böyük olduğu üçün az miqdarda yarpaqla tələbatı ödəmək olur.


 Fizuli Əliyev deyir ki, ötən mövsüm barama və ipək istehsalında yüksək məhsuldarlığa nail olan fermerlərin bu sahəyə marağı daha da artıb. Artıq bu ildən  barama qurdu götürmək arzusunda olan fermerlərin müraciətləri çoxalıb.


 Mütəxəssislərinin rəyinə əsasən bu il ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da ölkə prezidenti tərəfindən Kənd Təsərrüfatı Nazirliyi qarşısında barama istehsalı ilə bağlı müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur.