Lerikdə tütün qəbulu məntəqəsinin qurulmasına ehtiyac var

13 2017 17:06

Lerik rayonunda bir neçə gündür tütün yarpağının yığımına başlanılıb. Sahədə məhsul bol olsa da fermerlərin bir sıra çətinlikləri də var.


 Ötən ildən Lerikdə əkininə başlanan tütün sahələri bu il 10 hektardan 25 hektara qədər artırılıb. Fermerlər əsasən “Vircinya” və “İmuna” sortunu əkiblər. Vaxtında sahələrdə aparılan düzgün aqrotexniki qulluq nəticəsində bol məhsul əldə olunub.


Fermer Mirzəmməd Salayev: “İndiyə qədər 2500 metrdən artıq asmışıq ipdən. Bu ayın axırına kimi tamamilə quruyacaq. Sonra biz bunu presləyəcəyik. Ondan sonra təhvil verəndə kiloqramla təhvil verəcəyik. Təxmini 500 kq-dan artıq quru tütün var.”


 Məhsul bol olsa da fermerlərin bir sıra çətinlikləri də var. 


 Tütün yarpaqları həyatyanı sahələrdə çadırlarda yığılaraq qurudulur. Bunun da əsas səbəbi rayon ərazisində qurudma sexinin olmamasıdır.


 Fermer Tofiq Məmmədov: “Bunun qurudmağı ən tezi 1 ay çəkir. Bu da vaxt cəhətdən götürəndə çox uzun olur. Əgər biz belə 1 aya quruduruqsa, qurudma sexi olsa 10-15 günə quruda bilərik.”


 Təsərrüfat sahiblərinin çətinlikləri bununla bitmir. Onlar əldə etdikləri məhsulu müqavilədə qeyd olunduğu kimi qəbul məntəqələrinə təhvil verirlər. Amma məntəqələrin rayon ərazisində olmaması fermerlərin işini bir qədər çətinləşdirir.


 Fermer Tofiq Məmmədov: “Burada qəbul məntəqəsi yoxdur. Ya biz gərək Yardımlıya aparaq, o da bizim üçün baha başa gəlir, ya da ki, Zaqatalaya aparaq.”


 Lerik Rayon İcra Hakimiyyəti fermerlərin üzləşdiyi çətinliklərdən xəbərdardır. İcradan yaxın vaxtlarda problemin həll olunacağı bildirildi.

 

Lerik RİH şöbə müdirinin müavini Vüqar Mirzəyev: “O vaxt bizim rayonumuzda tütün qəbulu məntəqələri fəaliyyət göstərirdi. Hazırda dahəmin tütün qəbulu məntəqələri durur. Amma orada heç bir şərait olmadığına görə həmin məntəqələr istifadə olunumr. Ona görə də daha müasir tütün qurutma sexlərinə və qəbulu məntəqələrinə ehtiyac var. bununla bağlı biz aidiyyətü qurumlar qarşısında məsələ qaldırmışıq.”


 Qurudulmuş tütünün məhsulu təsərrüfat sahiblərindən qəbul məntəqələrində keyfiyyətindən asılı olaraq 1 manat 20 qəpikdən - iki manat 20 qəpik arasında təhvil alınır. Yaş tütünün bir kq isə 20 qəpikdir.