Salyanda alim Əliövsət Quliyevin 95 illiyi qeyd edilib

12 2017 17:50

Görkəmli tarixçi-alim Əliövsət Quliyevin 95 illiyi münasibəti ilə Salyan rayonunda elmi-praktik konfrans keçirilib. Konfransda görkəmli alimin şərəfli ömür yolu və elmi fəaliyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan tarix elminin fundamental əsasının yaradılması, Milli tarixşünaslıq məktəbinin ərsəyə gəlməsi böyük alim və istedadlı elm təşkilatçısı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Əliövsət Quliyevin böyük rolu olub. 1922-cil avqustun 23-də Salyanın Qızılağac kəndində dünyaya gələn Əliövsət Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə ilk dəfə olaraq monumental "Azərbaycan tarixi" üçcildliyi ərsəyə gəlib. Azərbaycanın yeni tarixinə dair dəyərli toplular, monoqrafiyalar və dərsliklər çap edilib. Alimin Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra məqalələri SSRİ ensiklopediyalarına daxil edilib, xarici ölkələrdə çap olunub. Konfransda vurğulanıb ki, cəmi 47 il yaşayan Əliövsət Quliyev ölkəmizdə tarix elmini yüksək səviyyəyə qaldıraraq, elə ənənələr yaradıb ki, onlar bu gün də yaşayır və tarixçi alimlərin yeni nəsillərinin yetişməsinə xidmət edir.