Cənubda kəndlilər becərdikləri məhsulları yol kənarında satır

12 2017 17:59

Havalar istiləşdikcə Ələt-Astara magistral yolunun kənarlarında xırda ticarətlə məşğul olanlara tez-tez rast gəlmək olur. Burada əsasən meyvə, tərəvəz məhsulları və bostan bitkilərinin satışı həyata keçirilir.

 

Yol kənarında xırda ticarətlə məşğul olan insanlara Lənkərandan Astaraya qədər müxtəlif ərazilərdə tez-tez rast gəlinir. Magistral yolun kənarında yerləşən bir neçə kəndin sakinləri həyətlərində becərdikləri məhsulları burada sataraq onlardan gündəlik qazanc əldə edirlər.

 

Satıcı Furqan Əkbərov: May ayında gilas başlayır yetişməyə. O vaxtdan biz başlayırıq birinci növbədə gilas satmağa,  sonra şaftalı, sonra armud, alma. Tərəvəz məhsulları da olur.  Xiyar, pomidor, badımcan, hətta üzüm də satırıq.”

 

Burada satılan meyvə və tərəvəz məhsullarının qiyməti bazar qiymətlərindən 30-40 qəpik ucuz olur. Alıcılar isə əsasən yolda hərəkət edən avtomobillərin sərnişinləri olur. Yay fəslində müştərilər arasında Cənub bölgəsində istirahətə gələn turistlərə də rast gəlinir.

 

Satıcı Furqan Əkbərov: Hazırda bizdə gavalı var. Gavalının qiyməti 50 qəpikdir. İki sort  armud var kilosu 1 manat, və ya 80 qəpikdir. Bir də alma var onun da qiyməti 50 qəpikdir.”

 

Satıcı Tərbiz Babayev: “Qarpız var, armud var, pomidor var, Alma var, həyətdən dərmişik. Lənkərandan Astaraya gedən və ya Astaradan Lənkərana gedənlər daha çox alır.”

 

Bir müddət sonra oktyabr, noyabr aylarından etibarən kəndlilər satışa bağlarında yetişdirdikləri sitrus meyvələrini çıxaracaq. Bir çox ailələr varki, yol kənarında deyil, mövsüm zamanı məhsullarını həyətlərində birbaşa topdan satırlar.