Bu il Cənub bölgəsinə gələn turistlərin sayı bir neçə dəfə artıb

13 2017 16:23

İyun ayından başlayan yay turizm mövsümü başa çatmaq üzrədir. Gözəl təbiəti ilə seçilən cənub rayonlarına bu il bölgədə yaradılan geniş imkanlar hesabına həm ölkəmizin müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən gələn turistlərin sayı bir neçə dəfə artıb. Amma böyük turizm perspektivləri olan ölkəmizin cənubunda turizmin inkişafını əngəlləyən səbəblər də var.

 

Bu il istilərin erkən düşməsi ilə əlaqədar yay turizm mövsümü bir qədər tez başladı. Gərgin işin ağırlığını canından çıxarmaq istəyənlər məzuniyyətlərini ölkənin regionlarında, gözəl məkanlarda dincəlməklə dəyərləndirməyə çalışdılar. Yerli turistlərin, eləcə də ölkəmizə üz tutan xarici qonaqların bir qisminin seçimi  Cənub rayonları olub.

 

Turist Zamin Bayramov: “Cənub zonasının təmiz havası, uzunömürlülər diyarı olması təsdiqini tapır. Ona görə də gəlirəm bura. Qiymətləri münasibdir.”

 

Sentyabrın ortaları olmasına baxmayaraq havaların əlverişli keçməsi, yağıntıların başlamaması hələ də Cənub bölgəsinə turist axınına imkan verir.

 

Turist Sergey Abramov: “Lənkəranın təbiəti bizi valeh etdi, xüsusən də havası. Mokvadan tropik isti şəraitə, və Azərbaycanın isti qonaqpərvərliyinə düşdük. Lənkəranlılar çox gözəl insandırlar. Zaqar etməyə, Hovuzda, dənizdə çimməyə vaxt tapdıq. ”

 

Turist Olqa Abramova: “Mətbəxiniz çox dadlıdır. Və ən çox bəyəndiyimiz bir məqam da bizdə hava soyuq olduğundan çöldə açıq havada yemək yemirlər. Ancaq burada bəyəniləsidir ki, təmiz havada yemək də dadlı gəlir.”

 

Turizm imkanlarının son ildə daha çox genişlənməsi bölgəyə gələn turistlərin sayında əsaslı dəyişikliklərlə müşahidə olunur. Təkcə Lənkəran, Astara və Lerik rayonlarına ilin 8 ayı ərzində 36 minə yaxın turist gəlib.

 

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov: “Bu da əvvəlki illərlə rəqəmlərlə nisbətdə çox böyük fərq edir. Bu günə kimi Lənkərana 16 mindən artıq turist gəlmişdir. Eyni zamanda əcnəbi turistlərin faiz dərəcəsində böyük artım var. Birinci yerdə Rusiya, ikinci yerdə İran İslam Respublikasıdır, üçüncü yerdə Ərəb ölkələridir.”

 

Məkandan və otaqların sayından asılı olaraq hostel, otel və kotteclərdə, qiymətlər 30-40 manatla 200- 250 manat arasında dəyişir. 

 

     İstirahət mərkəzinin Rəhbəri Akif Əliyev: “2 nəfərlik kotteclər 30 manat, 4 nəfərlik adi kotteclər 40 manat, 4 nəfərlik VİP kotteclərimiz 60 manat. Normal qiymətlər olub. Qış qiymətlərinə işləmişik.” 


Amma təəssüf ki, bölgədə turizmin inkişafına əngəl törədən amillər də mövcuddur. Bunlardan biri yol məsələsidir ki, bu da Cənub rayonlarının bəzi ərazilərində, o cümlədən Lənkəran-Lerik yolunda özünü qabarıq göstərir. 

 

Lənkəran-Lerik yolunun xeyli hissəsinin bərbad vəziyyətdə, çala-çuxurlu olması regiona turist axınını azaldan səbəblərdən biri sayılır.

 

İstirahət mərkəzinin rəhbəri Akif Əliyev: “18 kilometrlik yol bizim turizm işimizə böyük maneəçik törətdi. Həm qazancımıza, həm gələn qonaqların rahatçılığı problemlər yaratdı deyə, bir dəfə gələn ikinci dəfə gəlmək istəmir.”

 

         Ümid edirik ki, növbəti turizm mösümünədək bərbad yollar əsaslı təmir olunacaq. O ki, qaldı hazırkı turizm mövsümünün nə vaxt başa çatacağına gözlənilən odur ki, əvvəlki illərə nisbətən bu il uzanacaq. Bunu deməyə bölgədə isti havaların davam etməsi əsas verir.